Venesuela Kolumbiyadan çox sayda muzdlu döyüşçünün ölkəyə daxil olduğunu bildirərək, təhlükəsizlik tədbirləri çərçivəsində bu ölkəyə olan bütün uçuşların müvəqqəti olaraq dayandırıldığını açıqlayıb.
Qaynarinfo xəbər verir ki, Venesuela daxili işlər naziri Diosdado Kabelyo dövlət televiziyası VTV-yə verdiyi açıqlamada Kolumbiyadan ölkəyə çox sayda muzdlu şəxsin daxil olduğunu və 25 mayda keçiriləcək parlament seçkiləri öncəsi müxtəlif təhlükəsizlik tədbirləri görüldüyünü bildirib.
Seçkilərin sabotaj edilməyə çalışıldığını irəli sürən Kabelyo bildirib: "Kolumbiyadan Venesuelaya edilən bütün uçuşların dərhal dayandırılması əmrini verdik. Əldə etdiyimiz məlumatlara əsasən, zorakılıq, terrorizm və mafiya ilə əlaqəsi olan şəxslərin Kolumbiyadan quru sərhədi vasitəsilə ölkəyə daxil olduqları müəyyən edilib".
Nazirin sözlərinə görə, aralarında Kolumbiya, Meksika və Ukrayna vətəndaşlarının da olduğu ümumilikdə 38 nəfər, o cümlədən 17 əcnəbi saxlanılıb. Kabelyo Kolumbiyanın keçmiş prezidentləri İvan Duke, Xuan Manuel Santos, Alvaro Uribe və Andres Pastrananı Venesuelada "sui-qəsd təşkil etməkdə və terror fəaliyyətlərinə dəstək verməkdə" ittiham edərək buna icazə verilməyəcəyini vurğulayıb.
Nazir Venesuelada akkreditə olunmuş səfirliklərə qarşı hücum planları barədə kəşfiyyat məlumatları daxil olduğunu da qeyd edib: "Səfirliklər əsas hədəf kimi seçilib. Polis məntəqələri, xəstəxanalar, tibb mərkəzləri və transformator məntəqələri də hədəf siyahısındadır".
Diosdado Kabelyo müxalif lider Mariya Korina Maçadonu da sərt tənqid edərək, onun bu terror fəaliyyətlərinin arxasında dayanan əsas fiqur olduğunu iddia edib.
Xatırladaq ki, 25 mayda Venesuelada qonşu Qayana ilə mübahisəli olan Esekibo bölgəsi daxil olmaqla 24 əyalətdə qubernator seçkiləri və eyni zamanda Milli Assambleya (AN) üçün deputat seçkiləri keçiriləcək.
Aydın
Şərhlər