Kivi - turşməzə dadı və yüksək qida dəyəri ilə seçilən meyvədir. Onun müntəzəm istifadəsi immuniteti gücləndirir, ürək-damar xəstəlikləri riskini azaldır və həzmi yaxşılaşdırır. Lakin bu meyvənin necə yeyilməsi - qabığı ilə, yoxsa qabıqsız - çoxlarını maraqlandırır. Mütəxəssislər isə maraqlı faktlar ortaya qoyur.
Qaynarinfo xəbər verir ki, qidalanma üzrə mütəxəssis Erika Culsonun "Health Line" nəşrinə verdiyi açıqlamaya görə, kivinin qabığında bir çox faydalı maddə mövcuddur. Bunlara aşağıdakılar daxildir:
Sellüloz - bağırsaqların sağlamlığı üçün vacibdir, şəkərli diabet, xərçəng və ürək-damar xəstəliklərinin riskini azaldır;
Fol turşusu (folat) – hüceyrələrin yenilənməsi və normal inkişafı üçün vacibdir, xüsusilə hamiləlik dövründə qadınlar üçün önəmlidir;
C və E vitaminləri – orqanizmi azad radikallardan qoruyan antioksidantlardır.
Qabıqla yeyilən kivi, qabıqsız yeyiləndən 50% daha çox sellüloz, 32% daha çox folat və 34% daha çox E vitamini verir.
Bəs niyə bəziləri kivini qabıqsız yeyir?
Kivinin qabığında kalsium oksalat kristalları – rafidlər olur. Onlar ağız boşluğunun həssas səthini cızaraq yandırıcı hiss yarada bilər. Lakin meyvə tam yetişdikcə bu təsir azalır, çünki yumşaq daxili hissə bu kristalların təsirini azaldır.
Eyni zamanda, allergiyası olanlar və böyrək xəstəliklərindən əziyyət çəkənlər, xüsusən daş əmələ gəlməyə meyilli şəxslər, bu meyvədən uzaq durmalıdırlar.
Kivini necə düzgün yemək olar?
Əgər qabığın kobud teksturası və dadı sizi narahat edirsə, onu nəm dəsmal ilə silərək, yumşaq fırça ilə yuyaraq və ya tüklərini bıçaqla təmizləyərək yeməyi daha rahat edə bilərsiniz. Hazırda qabığı incə və tüksüz olan kivi sortları da mövcuddur.
Əgər qabığı tamamilə çıxarmaq istəyirsinizsə, onu bıçaqla soyun və ya kivini ortadan iki yerə bölərək içini qaşıqla yeyin.
Nəticə etibarilə, kivini necə yemək şəxsi seçimdir. Amma məlumdur ki, qabığı ilə yeyilən kivi daha çox fayda verir – bu da çoxlarının bilmədiyi maraqlı faktdır.
Aydın
Şərhlər