Xəbər lenti

Dünya 20:14 25.05.2025

"Britaniyalılar britaniyalıları öldürüb": Krallıq tarixindəki məşhur süjetin mif olduğu sübut edildi

Bournemout Universitetinin arxeoloqları Britaniya tarixinin ən məşhur süjetlərindən birini - romalı işğalçılara qarşı müdafiə zamanı yerli əhalinin qəhrəmancasına həlak olması ilə bağlı hekayəni şübhə altına alıblar. Məlum olub ki, təxminən 90 ildir Roma işğalının qanlı epizodu hesab edilən bu hadisə əslində kelt tayfaları arasında baş vermiş daxili münaqişələrin nəticəsi ola bilər. 

Qaynarinfo xəbər verir ki, tədqiqatın nəticələri "Oxford Journal of Archaeology" (OJA) elmi jurnalında dərc olunub.

Söhbət 1930-cu illərdə tapılmış, ciddi xəsarətlər almış insanların kütləvi dəfnindən gedir. Bu dəfn İngiltərənin Dorset qraflığında yerləşən qədim Maiden-Kasl qalasında aşkarlanmışdı. O dövrdə tanınmış arxeoloq ser Mortimer Uiler bu insanların Roma ilə döyüşdə həlak olmuş qurbanlar olduğunu, qalayı müdafiə edərkən öldürüldüklərini bildirmişdi.

Lakin radiokarbon analizləri əsasında aparılan yeni araşdırma göstərib ki, həmin insanlar eyni vaxtda deyil, müxtəlif illərdə - eramızdan əvvəl I əsrin sonu ilə eramızın I əsrinin əvvəlləri arasında həlak olublar. Bu isə daha çox yerli qarşıdurmalar, edamlar və ya tayfalararası münaqişələrə işarə edir, nəinki Roma ordusunun hücumuna.

"Analizlər göstərdi ki, bu şəxslər eyni döyüşdə həlak olmayıb. Onlar müxtəlif illərdə, ola bilsin ki, öz tayfadaşlarının əli ilə öldürülüblər",deyə tədqiqatın müəlliflərindən biri, məhkəmə antropoloqu doktor Martin Smit bildirib.

"Zamanla Uilerin versiyası patriotik simvola çevrildi, xüsusilə İkinci dünya müharibəsinin ərəfəsində. Amma təəssüf ki, yeni məlumatlar göstərir ki, romalılar, çox güman, Maiden-Kasl qalasında heç olmamışdılar", deyə arxeoloji qazıntılara rəhbərlik edən doktor Maylz Rassel qeyd edib.

"Maiden-Kasl qalasının qəhrəmancasına müdafiəsi” haqda hekayə dərsliklərə, kitablara və sənədli filmlərə daxil olaraq, demək olar ki, sivilizasiyaların toqquşması barədə əfsanəyə çevrilmişdi. Lakin indi arxeoloqlar bildirirlər ki, bu faciə xarici işğal deyil, daxili qarşıdurma ilə bağlı olub.

Tədqiqatçılar hesab edirlər ki, qalada hələ aşkarlanmayıb qalan dəfnlər də ola bilər və qədim qəbiristanlıqların təhlilinə yanaşmanın dəyişdirilməsinə çağırırlar: bir ərazidə müxtəlif mədəniyyətlərə və dəfn ənənələrinə malik insanların qalıqları ola bilər.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->