Amerikanın Geisinger Tibb Məktəbinin mütəxəssisləri kişilərlə qadınlar arasındakı boy fərqinin əsas genetik mexanizmini müəyyən ediblər.
Qaynarinfo xəbər verir ki, tədqiqat "Proceedings of the National Academy of Sciences" (PNAS) elmi jurnalında dərc olunub.
Tədqiqat qrupu demək olar bir milyon yetkin insanın, o cümlədən cinsi xromosom anomaliyası olan şəxslərin məlumatlarını təhlil edib. Xüsusi diqqət SHOX geninə yönəldilib - bu gen X və Y xromosomlarının oxşar hissələrinin yerləşdiyi xüsusi sahədə yerləşir. Məlum olub ki, bu gen kişilərdə daha aktivdir, bu da onların boy üstünlüyünü izah edir.
Aparılan analiz göstərib ki, Y xromosoması boyun artmasına X xromosomasından daha güclü təsir edir və bu təsir testosteron hormonundan asılı deyil. Alimlərin hesablamalarına görə, Y xromosomasının genetik təsiri qadınlarla kişilər arasındakı orta boy fərqinin təxminən 22,6%-ni izah edə bilər.
Bu tədqiqat genetika ilə əlaqəli xəstəliklər, xüsusilə də Törner və Klaynfelter sindromları zamanı rast gəlinən boy qısalığını daha yaxşı başa düşmək üçün tibbdə mühüm əhəmiyyət daşıyır. Bundan əlavə, cinslər arasında müxtəlif xəstəliklərə meyillilik baxımından fərqlərin öyrənilməsinə yeni imkanlar açır.
Tədqiqatın müəllifləri qeyd ediblər: "Boy fərqi yalnız görünən bir fərqdir. İndi biz cinsi xromosomların insan sağlamlığının digər aspektlərinə necə təsir etdiyini daha dərindən araşdıra bilərik".
Aydın
Şərhlər