Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Səmərqənddə keçiriləcək toplantısında Rusiya lideri Vladimir Putinlə müzakirələr aparacaq. Məlumatlara görə, iki lider Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə edəcək.
Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Ermənistanın bu təxribatı bir sıra ölkələri, beynəlxalq təşkilatları proseslə bağlı bəyanat vermək, toplantılar təşkil etməyə məcbur edib.
Ərdoğanla Putin arasında Səmərqənddə olacaq görüşdə Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətin müzakirə edilməsi mühüm əhəmiyyət kəsb edir. Hər iki ölkə regionda demək olar ki, eyni mövqedən çıxış edir. Türkiyə Azərbaycanla sıx əməkdaşlıq münasibətlərinə malikdir. Moskva isə İrəvana təzyiq etmək gücündədir.
Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev bildirib ki, Türkiyə və Rusiya liderləri çalışacaq ki, danışıqlar əvvəlki formatına qayıtsın və mümkün qədər tez bir zamanda sülh müqaviləsi imzalansın:
"Ermənistan-Azərbaycan sərhədində birincinin geniş miqyaslı təxribatı ilə yaşanan olaydan sonra Ərdoğanla Putinin görüşündə 10 noyabr bəyanatında irəli sürülən müddəalar üzrə razılaşmanın icrası məsələsi ətrafında müzakirələr aparılacaq. Şübhəsiz ki, hər iki lider həmin bəyanata istinad edərək, qəbul edilən şərtlərin icrasında israrlı olacaqlar. Türkiyə lideri İrəvan tərəfindən törədilən təxribatı şübhəsiz ki, pisləyəcək. Prosesin normal məcraya qayıtması yolunda hər iki liderin mövqeyi üst-üstə düşəcək. Bu baxımdan, Türkiyə və Rusiya liderlərinin görüşünü əhəmiyyətli görüş kimi dəyərləndirərdim. Liderlərin görüşü prosesin əvvəlki məcraya qayıtması, danışıqların bərpası, bir daha təxribatlara yol verilməməsinə istiqamətlənəcək. Putin də bu məqamla razılaşacaq”.
Rüfət Sultan
Şərhlər