Xəbər lenti

İcra hakimiyyətləri işlək vəziyyətdə deyil: Ləğv olunmalıdırmı?
Ölkə 15:20 26.02.2026

İcra hakimiyyətləri işlək vəziyyətdə deyil: Ləğv olunmalıdırmı?

"Buna struktur islahatlarına doğru atılmış ürkək addım deyərdim. Təbii ki, bu, hələ struktur islahatı anlamına gəlmir".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev son vaxtlar bəzi yerli icra hakimiyyəti strukturlarında baş verən dəyişiklikləri və ştat ixtisarlarını şərh edərkən deyib. 

Həmsöhbətimiz qeyd edib ki, Azərbaycanda icra hakimiyyəti strukturları həddindən artıq şişirdilib və paralel idarəçilik yaradan, əhali üçün ciddi problemlər doğuran artıq bir halqaya çevrilib:
 


"Hazırda həbsdə olan icra başçılarının sayı, demək olar ki, vəzifədə olanlarla müqayisə edilə biləcək səviyyədədir. On ildən artıqdır ki, bu məsələ vaxtaşırı gündəmə gətirilir, müəyyən plan və proqramlar da hazırlanıb. Lakin sonradan nədənsə daha ehtiyatlı davranmaq və kosmetik üsullarla vəziyyəti qismən yaxşılaşdırmaq yolu seçildi".

Ekspert hesab edir ki, ola bilsin, növbəti referendum səviyyəsində bu məsələ öz həllini tapa bilər:

"Azərbaycanın 11 iqtisadi rayona bölünməsi məsələsi də gündəmə gəldi. Amma bu proses də təəssüf ki, ləng gedir".

Arif Əliyevin sözlərinə görə, icra hakimiyyəti strukturunda atılan son addımlar idarəetmənin köklü təkmilləşdirilməsinə və regionların real inkişafına gətirib  çıxarmayacaq:

"Bu addımlar yalnız müəyyən optimallaşdırma effekti verə bilər. Amma birbaşa idarəetmə sisteminin dəyişməsi demək deyil. Sistem o zaman dəyişə bilər ki, Azərbaycan kimi kiçik ölkədə icra başçıları iqtisadi rayonlar üzrə rəhbərlərlə əvəz olunsun. İcra hakimiyyəti institutunun ləğvi çoxdan yetişib. Əks halda, bu qurumlar idarəetmədə problemlər yaratmaqda davam edəcək".

Siyasi şərhçi Mehman Əliyev də hesab edir ki, icra hakimiyyətləri artıq ləğv olunmalıdır: 
 


"Onlar işlək vəziyyətdə deyil. Faktiki olaraq mənasız quruma çevriliblər. Artıq bu qurumlara müraciət edənlərin sayı da azalır. Bu isə insanların həmin strukturlara müraciətin səmərəsiz olduğunu anlamasından irəli gəlir. Düşünürəm ki, bəzi rayon icra hakimiyyətlərində baş verən struktur dəyişiklikləri və ştat ixtisarları onların ləğvi istiqamətində atılan addımların tərkib hissəsidir. Prosesə artıq start verilib. Belə görünür ki, yaxın dövrdə bu idarəetmə qurumları ləğv oluna bilər. Əvəzində iqtisadi zonalar üzrə nümayəndəliklərin yaradılması kifayət edər. Bu halda bələdiyyələrin rolu da artırılmalıdır. Belə addımlar idarəetmənin səmərəliliyini yüksəldə bilər".

Həmsöhbətimiz hesab edir ki, prosesdə real irəliləyişə nail olmaq üçün Polşa, Estoniya və Sinqapur kimi ölkələrin təcrübəsi öyrənilməli, uğurlu islahatlar həyata keçirmiş mütəxəssislərdən faydalanılmalıdır. 

Qeyd edək ki, son dövrlər ölkədə bir sıra rayon icra hakimiyyətlərində struktur dəyişiklikləri və ştat ixtisarları müşahidə olunur. Dövlət idarəetməsində optimallaşdırma və aparatların yığcamlaşdırılması prosesi regionlarda da özünü göstərməyə başlayıb. Son olaraq Tovuz Rayon İcra Hakimiyyətində aparılan dəyişikliklər nəticəsində ümumilikdə 48 ştat ləğv edilib. Bundan əvvəl isə Ağsu Rayon İcra Hakimiyyətinin 14 əməkdaşı vəzifəsindən azad olunub. 

Rüfət Sultan

--> -->