Xəbər lenti

Dünya 13:40 13.05.2026

"Bloomberg": İranın əsas neft terminalından yükləmələr dayanıb

İranın əsas neft ixrac terminalı hesab edilən Xark adasından neft yükləmələrinin son günlərdə dayanması müşahidə olunur.
 
Qaynarinfo xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Agentliyin əldə etdiyi Avropa peyk görüntülərinə əsasən, mayın 8-i, 9-u və 11-də Xark adasında heç bir neft tankerinin fəaliyyəti qeydə alınmayıb. Müharibənin başlanmasından bəri bəzi günlərdə körpülərin boş qaldığı hallara rast gəlinsə də, bu, ən uzun fasilə hesab olunur.

Məlumata görə, İran münaqişə dövründə də bu terminal vasitəsilə neft yükləmələrini davam etdirirdi. ABŞ Hərbi Dəniz Qüvvələrinin tankerlərin Fars körfəzindən çıxışını məhdudlaşdırmasından sonra Tehran bəzi gəmilərdən üzən anbar kimi istifadə edib.

Əgər Xark terminalındakı fasilə davam edərsə, bu, İranın digər neft anbarlarına təzyiqi artıra bilər. Peyk görüntüləri ölkədəki saxlama rezervuarlarının dolmağa başladığını göstərir. Ekspertlər hesab edir ki, anbarlar tam dolarsa, İran neft hasilatını daha da azaltmağa məcbur qala bilər. Bildirilir ki, Tehran artıq hasilatı qismən azaldıb.

"The New York Times" daha əvvəl mayın 6-na aid peyk görüntülərinə əsaslanaraq obyektdə 3 min barel həcmində neft sızmasının baş verdiyini yazmışdı. Bunun yükləmə prosesinə təsir etdiyi ehtimal olunur. İran isə sızma ilə bağlı məlumatları təkzib edib. Sonrakı peyk görüntülərində də açıq neft sızması müşahidə olunmayıb.

Avropa İttifaqının Sentinel-2 peyki tərəfindən mayın 11-də çəkilmiş görüntülər Xark adasındakı bütün terminalların boş olduğunu göstərir. Bundan iki və üç gün əvvəl çəkilmiş fotolarda da ərazidə tanker görünməyib.

Qeyd olunur ki, Xark adası İran neft ixracının əsas mərkəzidir və ölkənin ixrac etdiyi neftin böyük hissəsi məhz bu terminal vasitəsilə daşınır. Terminalın gündəlik təxminən 7 milyon barel neft yükləmə gücünə malik olduğu bildirilir. Reuters isə Xarkın İran neft ixracının təxminən 90 faizini təmin etdiyini qeyd edir.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp İranın yenidən Qətərdəki mayeləşdirilmiş qaz obyektlərinə hücum edəcəyi halda, ABŞ-ın İranın "Cənubi Pars” qaz yatağını "güclü şəkildə məhv edə biləcəyini” bəyan edib.

İran isə öz növbəsində ABŞ-ın Xark adasını ələ keçirmək üçün əməliyyata başlayacağı təqdirdə Hörmüz boğazını və Fars körfəzini minalamaqla hədələyib.

Bundan əvvəl peyk görüntülərində Xark adası yaxınlığında onlarla kvadrat kilometr ərazini əhatə edən ehtimal olunan neft sızması da qeydə alınmışdı.
 
Günay
--> -->