"İcra haqqında" qanuna edilən dəyişikliyə görə, borcluya üzərinə həbs qoyulan əmlakı satmaq üçün 2 ay möhlət veriləcək. Bu barədə Milli Məclis qərar verib.
Azərbaycanda icra sənədinə əsasən satılmalı olan əmlakın, borclunun üzərinə həbs qoyulmuş əmlakının və ipoteka predmetinin satılması ilə bağlı kompleks tənzimləmə nəzərdə tutulur. Sənədə əsasən, icra sənədində satılmalı əmlak müəyyən edildiyi hallarda bildiriş borcluya rəsmi qaydada verildikdən, o cümlədən "Elektron icra informasiya sistemi vasitəsilə onun (borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin) adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS-lə göndərildikdən sonra 7 iş günü ərzində o, əmlakın açıq bazarda satılması üçün icra məmuruna müraciət edə bilər. Belə müraciət edildikdə icra məmuru 1 iş günü müddətində qərar qəbul edir və borcluya əmlakın satılması üçün 2 ay müddət verilir.
Hüquq müdafiəçisi Əkrəm Həsənov Qaynarinfo-ya açıqlamasında bu sahənin Azərbaycanda ən bərbad sahələrdən biri olduğunu bildirib:
"Girov əmlakını Azərbaycanda normal satmaq olmur. Girovun sahibi, yəni mülkiyyətçisi çalışır ki, qiymətini şişirtsin, heç kəs onu ala bilməsin, əmlakı özünə qayıtsın. Kreditor da çalışır ki, qiyməti öldürsün və adına keçirsin. Bu prosedura da xeyli vaxt keçir. Bəzən aylar və illərlə də çəkə bilər".
Əkrəm Həsənov yeni qanuna görə, girov qoyana əmlakını satmaq üçün imkan veriləcəyini vurğulayıb:
"Girov qoyan deyir ki, əmlakım bahadır, o zaman buyur, sat. Bu baxımdan qərar girov qoyanın, mülkiyyətçinin xeyrinədir".
Bahar Rüstəmli
Şərhlər