Tarix boyunca bir çox mədəniyyətdə cəhənnəm yeraltı aləmlə eyniləşdirilib. Bəzi yerlərin cəhənnəmə aparan "qapı" olduğu, bu qapılardan keçənlərin geri dönmədiyi iddia edilib.
Qaynarifno xəbər verir ki, bu məkanlardan biri isə Türkiyədə yerləşir və aparılan tədqiqatlar nəticəsində maraqlı faktlar üzə çıxıb.
Hekla
Orta əsrlərdə xristianlar İslandiyanın cənubunda yerləşən 1491 metr yüksəklikdəki Hekla dağını cəhənnəmin qapısı hesab edirdilər. Adını qarlı zirvəsindən alan Hekla İsland dilində "qısa baş örtüsü" mənasını verir. 1104-cü ildə baş verən güclü vulkan püskürməsi nəticəsində bu inanc daha da güclənib. Təkcə həmin püskürmə 55 min kvadratkilometrlik əraziyə təsir etmişdi.
12-ci əsrdə rahib Herbert de Klervaux Hekla dağına "Siciliya vulkanından belə güclü" deyə istinad edib, bəzi müəlliflər isə Hekla zirvəsini "İsanı satan Yəhudanın əbədi zindanı" adlandırıblar. Hekla vulkanının son aktivliyi 2000-ci ildə qeydə alınıb.
Actun Tunichil Muknal
Belizdə yerləşən Actun Tunichil Muknal mağarası Mayaların yeraltı aləmi saydıqları Xibalbaya aparan qapı kimi qəbul edilir. 1989-cu ildə tapılan bu mağarada 4 yaşlı uşaqlar da daxil olmaqla insan qurbanlarına aid qalıqlar aşkar edilib. Qalıqlar arasında "Kristal bakirə" adlandırılan, sümükləri kalsitləşmiş bir qadının skeleti xüsusilə diqqət çəkir.
Tədqiqatçılar hesab edirlər ki, bu mağara "Popol Vuh" adlı yaradılış əfsanəsinin rituallarla canlandırıldığı yer olub. Quraqlıq və təbii fəlakətlərin Mayaların inancında Xibalbanın qəzəbinə səbəb olduğu düşünülüb və bu səbəbdən insan qurbanları təqdim edilib.
Avliya Patrikin araflığı
İrlandiyanın şimal-qərbindəki Staşn adasında yerləşən bu mağara erkən orta əsr dövründə "dünyanın son nöqtəsi" sayılırdı. Rəvayətə görə, Avliya Patrik bu mağarada Tanrıdan yardım diləyib və nəticədə buranı "arafın qapısı" (Araf - bəzi dini inanclara görə cənnətlə cəhənnəmin arasındakı yer) kimi görüb.
12-ci əsrdə yazılmış mətnlərdə mağaranın olduğu ərazidə 9 quyu olduğu və burada gecələyənlərin "şər ruhların təsirinə" məruz qaldığı qeyd edilir. 1790-cı ildə mağaranın üstü örtülərək üzərində bir şapel tikilib. Bu gün də xristian zəvvarlar bu yeri ziyarət etməyə davam edir.
Hierapolis (Plutonun qapısı)
Dənizlinin Pamukkale rayonunda yerləşən antik Hierapolis şəhərində 2011-ci ildə aparılan qazıntılar zamanı "Ploutonion" adlı mağara aşkar edilib. Antik yunan tarixçisi Strabon bu yerin öldürücü qazlarla dolu olduğunu və mağaraya daxil olan heyvanların anında öldüyünü qeyd etmişdi.
Müasir elmi tədqiqatlar Strabonun dediklərini təsdiqləyib. Bu mağaranın altından keçən vulkanik fay xətləri nəticəsində səthə çıxan karbon qazı, xüsusilə gecə saatlarında ölümcül konsentrasiyaya çatır. 2018-ci ildə aparılan araşdırmalarda qazın miqdarının 50%-ə qədər çıxdığı və bu qazın 1 dəqiqədə insanı öldürə biləcəyi sübut olunub.
Gehenna
İncilə görə Gehenna (Hinnom vadisi) günahkarların axirətdə cəzalandırıldığı yer kimi tanınır. Qüdsün cənub-qərbində yerləşən bu vadidə bir vaxtlar Tanrı Baala qurbanlar verildiyi, o cümlədən uşaq qurbanlarının təqdim edildiyi deyilir.
Müasir tədqiqatçılar bu ərazinin həm Tanrı tərəfindən lənətləndiyi, həm də günahkarların "Tanrının krallığından qovulub atıldığı yer" kimi qəbul edildiyini bildirirlər. Bəzi İncil araşdırmaları bu vadidə zibil yandırıldığını, bunun da cəhənnəm atəşi inancının əsasını təşkil etdiyini iddia etsə də, bu barədə arxeoloji sübutlar hələ tapılmayıb.
Aydın
Şərhlər