İsveçrənin Sürix Ali Texniki Məktəbinin (ETH Zurich) alimləri Yer kürəsində həyatın təkamülü ilə bağlı vacib detalları aşkarlayıblar. Onlar sirli mikroorqanizmlər – Asqard arxeilərini tədqiq edərək müəyyən ediblər ki, bu canlılar sadə arxeilərlə mürəkkəb eukariotlar, o cümlədən bitkilər, heyvanlar və insanlar arasında itmiş halqadır.
Qaynarinfo xəbər verir ki, tədqiqatın nəticələri "Cell" elmi jurnalında dərc edilib.
Asqard arxeiləri ilk dəfə 2015-ci ildə Loki sualtı vulkanının yaxınlığındakı dərin dəniz çöküntülərində aşkar edilib. Onların unikal genetik və hüceyrə xüsusiyyətləri eukariotlarla yaxın əlaqədə olduqlarını göstərir ki, bu da mürəkkəb həyatın mənşəyini anlamaq baxımından mühüm əhəmiyyət kəsb edir.
Tədqiqatçılar müəyyən ediblər ki, Asqard arxeiləri eukariotlardakı zülallara bənzər zülallara malikdir. Məsələn, lokiaktin adlı zülal sapvari strukturlar əmələ gətirərək eukariot hüceyrələrinin sitoskeletini xatırladır. Bundan əlavə, alimlər arxeilərdə hüceyrədaxili nəqldə iştirak edən mikrotubulların olduğunu aşkar ediblər.
"Tədqiqatımız göstərdi ki, Asqard arxeiləri mürəkkəb həyatın inkişafı üçün əsas ola biləcək strukturlara malikdir", deyə tədqiqatın rəhbəri, professor Martin Pilxofer bildirib.
Alimlər hesab edirlər ki, Asqard arxeilərinin sitoskeleti təkamüldə əsas rol oynayıb. Məhz bu strukturlar sayəsində arxeilər bakteriyanı udaraq onu sonradan eukariot hüceyrələrinin enerji stansiyası olan mitoxondrilərə çevirə biliblər.
Tədqiqatçılar bundan sonra Asqard arxeilərindəki aktin filamentlərinin və mikrotubulların funksiyalarını daha dərindən araşdırmağı, həmçinin onların səthindəki zülalları müəyyən etməyi planlaşdırırlar. Bu, bu mikroorqanizmlərin ətraf mühitlə necə qarşılıqlı əlaqədə olduğunu və onların eukariotların əcdadı olub-olmadığını daha yaxşı anlamağa kömək edəcək.
Aydın
Şərhlər