Xəbər lenti

Alimlər insanların internetə aludə olmasının və dayana bilməməsinin səbəbini açıqladı
Dünya 17:48 05.05.2026

Alimlər insanların internetə aludə olmasının və dayana bilməməsinin səbəbini açıqladı

Alman alimləri insanların niyə ekran qarşısından uzaqlaşmaqda çətinlik çəkdiyini araşdırıblar. Hətta böyüklər belə internetdə saatlarla vaxt keçirir və bəzi hallarda bu davranış psixi sağlamlığa, gündəlik həyata və sosial münasibətlərə mənfi təsir göstərən problemə çevrilir. 

Qayanrinfo xəbər verir ki, tədqiqat "Comprehensive Psychiatry” jurnalında dərc olunub.

Duisburq-Essen Universitetindən Matthias Brandın rəhbərlik etdiyi araşdırma "problemli internet istifadəsi” anlayışına fokuslanıb. Burada internetin özü deyil, konkret davranış formaları nəzərdə tutulur: həddindən artıq oyun oynamaq, sosial şəbəkələrdə fasiləsiz "scroll” etmək, onlayn alış-veriş və ya pornoqrafik məzmun istehlakı.

Tədqiqatda orta yaşı təxminən 27 olan 819 nəfər iştirak edib (təxminən 45%-i qadınlar). İştirakçılar klinik müsahibələrdən keçib, sorğular doldurub və özünənəzarəti ölçən kompüter testləri yerinə yetiriblər. Onlara müəyyən stimullara reaksiya vermək, digərlərinə isə reaksiya verməmək tapşırılıb ki, bu da impulsivliyi və internetin davranışa təsirini ölçməyə imkan verir.

Nəticələr göstərib ki, problemli internet istifadəsi üç əsas mexanizm üzərində formalaşır. Birincisi, mənfi emosiyalardan qaçmaq və ya əhvalı yaxşılaşdırmaq cəhdi. İkincisi, internetə daxil olmağa qarşı güclənən daxili ehtiyac hissi. Üçüncüsü isə insanın çox vaxt sərf etdiyini başa düşsə belə dayana bilməməsi, yəni özünü idarəetmənin zəifləməsi.

"Biz ilk dəfə bu üç mexanizmin birlikdə işlədiyini empirik olaraq göstərə bildik”, deyə Brand bildirib. Onun sözlərinə görə, burada emosiyalar, vərdişlər və özünənəzarət arasında qarşılıqlı təsir həlledici rol oynayır.

Araşdırma həmçinin göstərib ki, bu proseslər təkcə hazırkı davranışı izah etmir, həm də növbəti altı ay ərzində simptomların inkişafını proqnozlaşdırmağa imkan verir.

Alınan nəticələr daha dəqiq profilaktika və müalicə metodlarının hazırlanması üçün faydalı ola bilər. Hər bir insanda hansı mexanizmin daha güclü olduğunu müəyyən etməklə, daha effektiv yardım strategiyası seçmək mümkündür.

Aydın

--> -->