İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində ABŞ prezidenti Donald Tramp və onun nümayəndələri ilə görüşəcək Aİ liderləri və nümayəndə heyətləri diqqət mərkəzini Ukraynadan Qrenlandiyaya keçirməyə hazırlaşırlar.
Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times” yazır.
Nəşr qeyd edir ki, Avropa liderləri ilkin olaraq Davosda ABŞ prezidenti Donald Trampı müharibədən sonrakı Ukrayna üçün təhlükəsizlik zəmanəti verməyə razı salmağa çalışmağı planlaşdırırdılar.
Lakin nəşr vurğulayır ki, Trampın Qrenlandiyaya sahib olmaq istəyi ətrafında yaranan fırtına ikitərəfli mübahisədən NATO üçün son onilliklərin ən ciddi təhlükəsinə çevrilib. Avropalı diplomat bildirib ki, Davosda Tramp və ABŞ rəsmiləri ilə görüşməli olan Aİ liderləri və onların nümayəndə heyətləri "öz qeydlərini cırırlar". Mənbənin sözlərinə görə, onlar bu qeydləri "qamçı və kökə" taktikası ilə, yəni Brüsselin Trampın rüsumlarına necə cavab verə biləcəyi və eyni zamanda deeskalasiya təklifləri ilə əvəz edirlər.
"Bu adamla (Tramp red.) necə danışıqlar masasına oturub onun Ukrayna üçün təhlükəsizlik zəmanətlərini müzakirə etmək olar? Reallıq hissini söndürməsəniz, ona etibar etmək olmaz", - deyə diplomat bildirib.
Nəşr məlumat paylaşıb ki, Davosda Qərb ölkələrinin milli təhlükəsizlik üzrə məsləhətçilərinin görüşü baş tutub; bu görüş ilkin olaraq Ukraynanı müzakirə etmək üçün çağırılsa da, sonda diqqət mərkəzi Qrenlandiyaya sürüşüb.
Eyni zamanda, materialda deyildiyi kimi, Aİ-də nikbin olanlar və Trampın əvvəllər də boş hədələr səsləndirdiyini hesab edənlər də var. Qeyd olunur ki, son bir il ərzində Avropa bənzər anlar yaşayıb, lakin sonda onu geri çəkilməyə məcbur etməyin yolunu tapıb.
Daha əvvəl xəbər vermişdik ki, İtaliyanın Baş naziri Corca Meloni Qrenlandiya məsələsində Avropa ilə ABŞ prezidenti Donald Tramp arasında vasitəçi kimi çıxış edə biləcəyini bəyan edib.
Meloni əlavə edib ki, ABŞ, ehtimal ki, Avropanın Arktika adasına qoşun göndərmək hərəkətlərini yanlış anlayıb. O, "Qrenlandiyanın təhlükəsizliyinə töhfə verənlər üçün" rüsumların tətbiqini səhv adlandırıb. İtaliyanın Baş naziri vurğulayıb ki, ABŞ və Avropa, Rusiya və Çinin artan fəallığı səbəbindən Arktikadakı təhlükəsizliklə bağlı eyni narahatlıqlara malikdir.
Həmçinin yazmışdıq ki, ABŞ-ın Maliyyə naziri Skott Bessent ABŞ-ın Qrenlandiya üzərində nəzarət qurmaq niyyətinin Rusiyanın Krımı ilhaq etməsindən fərqləndiyini qeyd edib. Bessent izah edib ki, Amerikanın adanı əldə etməsi ABŞ və Avropanın maraqlarına daha yaxşı uyğun gəlir. O, avropalıların bunun Qrenlandiya üçün ən yaxşısı olduğunu anlayacaqlarına ümid etdiyini bildirib. Bessent həmçinin Trampın Qrenlandiya üzərində nəzarətin ABŞ-a keçməsinə qarşı olan Avropanın 8 ölkəsinə qarşı rüsum tətbiq etmək ideyasını dəstəkləyib. ABŞ-ın maliyyə naziri əlavə edib ki, Tramp qaynar müharibədən qaçmaq üçün ABŞ-ın iqtisadi gücündən istifadə etməyə qadirdir.
Şərhlər