Xəbər lenti

ABŞ-ın qiyamət təyyarələri: 45 illik nəhənglərin içində nələr baş verir?
Dünya 15:54 19.01.2026

ABŞ-ın qiyamət təyyarələri: 45 illik nəhənglərin içində nələr baş verir?

Mümkün nüvə hücumu zamanı ABŞ prezidentinin yeganə təhlükəsiz sığınacağı sayılan "Qiyamət günü” təyyarələri gözlənilməz dərəcədə maraqlı texnologiya ilə qorunur. 1980-ci illərdən qalan bu nəhəng reaktivlər müasir müdafiə sistemlərinə baxmayaraq niyə hələ də istismardan çıxarıla bilməyib və onların içində gizlənən detallar diqqət çəkir.

Qaynarinfo xəbər verir ki, ABŞ ordusunun 2025-ci ilin sonlarında həyata keçirdiyi silahsız nüvə raketi sınağı bir çox insanı eyni sual üzərində düşündürdü: mümkün nüvə müharibəsi zamanı ölkə rəhbərliyi harada gizlənir? Bu sualın cavabı "Boeing 747” əsasında yenidən qurulan və "Nightwatch” (Gecə növbəsi) ləqəbi ilə tanınan E-4B təyyarələrində gizlənir.

Nüvə zərbə dalğalarına qarşı gücləndirilmiş gövdəsi və inkişaf etmiş rabitə sistemləri ilə bu təyyarələr əslində səmada hərəkət edən komanda mərkəzləri rolunu oynayır. Lakin bu nəhəng müdafiə mexanizminin mərkəzində gözləniləndən xeyli köhnə texnologiya dayanır.

Pentaqonun uçan qalası: 45 ildir səmada

Xalq arasında "Qiyamət günü" təyyarəsi kimi tanınan E-4B-lər ABŞ Hərbi Hava Qüvvələrinin inventarına ilk dəfə 1980-ci ilin əvvəlində daxil edilib. 2025-ci il etibarilə 45 yaşına çatan bu reaktivlərin 2036-cı ilə qədər istismardan çıxarılması planlaşdırılmır. Bu isə o deməkdir ki, təyyarələr xidməti başa vurduqda 56 yaşında olacaq.

Müdafiə texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə ABŞ-ın ən kritik təhlükəsizlik əməliyyatlarını bu qədər yaşlı təyyarələrə etibar etməsinin səbəbi maraqlıdır. Dünyada təyyarə istehsalçıları artıq dörd mühərrikli nəhəng reaktivlərin istehsalını demək olar ki, tamamilə dayandırıblar.

İçəridə nələr baş verir?

E-4B sadəcə bir təyyarə deyil, sanki havada uçan bir "Pentaqon" kimi dizayn edilib. Altı əsas bölmədən ibarət gövdəsində əməliyyat mərkəzləri, konfrans zalları və brifinq otaqları yerləşir. Təyyarənin arxa hissəsindən sallanan təxminən 8 kilometr uzunluğunda antenna sualtı qayıqlarla və raket şaxtaları ilə fasiləsiz əlaqə saxlamağa imkan verir. Bundan başqa, havada yanacaq doldura bildiyi üçün 12 saata qədər enmədən uçuş həyata keçirə bilir. Bu xüsusiyyət nüvə hücumu zamanı rəhbər şəxslərin səmada təhlükəsiz qalmasını təmin edir.

Köhnələn hissələr və 13 milyard dollarlıq yenilənmə

Lakin bu təcrübəli nəhənglərin texniki xidməti getdikcə daha ciddi problemə çevrilir. Təyyarələrin ehtiyat hissələrini istehsal edən bir çox şirkət artıq fəaliyyət göstərmədiyi üçün nasazlıqların aradan qaldırılması həm çox baha başa gəlir, həm də ciddi logistika çətinlikləri yaradır.

General Çarlz Q. Braun bu vəziyyətin davamlı olmadığını bildirərək yeni addım atıldığını açıqlayıb. 2024-cü ildə "Sierra Nevada Corporation” ilə imzalanan 13 milyard dollarlıq müqavilə çərçivəsində Cənubi Koreyadan alınmış ikinci əl "Boeing 747-8” təyyarələri yeni "Qiyamət günü” təyyarələrinə çevriləcək. Texnologiya hipersonik reaktivlərə və süni intellektlə idarə olunan pilot sistemlərinə doğru inkişaf etsə də, ABŞ üçün bu strateji yenilənmənin olduqca vacib olduğu vurğulanır.

Aydın

--> -->