ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı ələ keçirməsinə mane olan hər kəsə qarşı cəzalandırıcı gömrük rüsumları tətbiq etmək hədəsi Avropanın səbrini daşıran son damla oldu.
Qaynarinfo "Politico”ya
istinadla yazır ki, əgər ABŞ-ın yanaşmasında köklü dəyişiklik baş verməsə, bu proses Qərbin radikal şəkildə yenidən qurulması və qlobal güc balansının alt-üst olması ilə nəticələnəcək. Avropa öz şəxsi təhlükəsizlik alyansını yaratmağa hazırdır və Ukrayna bu ittifaqda mühüm rol oynaya bilər.
"Politico”nun qeyd etdiyi kimi, Avropa dövlətləri, o cümlədən Aİ üzvü olmayan Böyük Britaniya və Norveç, Trampın ikinci prezidentlik müddətinin böyük hissəsini Amerikanın iştirakı olmadan fəaliyyət göstərən effektiv bir qrup — "İstəklilər Koalisiyası" (Coalition of the Willing) çərçivəsində işləməyə həsr ediblər.
35 hökumətin milli təhlükəsizlik üzrə müşavirləri müntəzəm təmasdadır, tez-tez onlayn və şəxsən görüşür, həmçinin qeyri-rəsmi mesajlaşma qrupları vasitəsilə ünsiyyət qururlar. Onlar Trampın problemin böyük hissəsi olduğu bir dünyada çoxtərəfli həllər axtarmağa vərdiş ediblər.
"Vaşinqton qrupu"nun liderləri:
• Kir Starmer (Böyük Britaniya)
• Emmanuel Makron (Fransa)
• Fridrix Merz (Almaniya)
• Ursula fon der Leyen (Avropa Komissiyasının rəhbəri)
• Aleksandr Stubb (Finlandiya)
• Ciorcia Meloni (İtaliya)
Bu liderlər daimi olaraq eyni qrup çatında yazışırlar. Ötən il Trampın hər bir təhlükəli addımına qarşı birgə mesajlaşma və reaksiya sxemi hazırlayıblar. Bu qrup, ötən ilin avqustunda Ukrayna Prezidenti Volodimir Zelenski ilə birlikdə Ağ Evi ziyarət edən Avropa liderlərinin şərəfinə "Vaşinqton qrupu" adlandırılıb.
Zelenski də bu qrupun yazışmalarında iştirak edir. "Politico” maraqlı bir faktı vurğulayır:
"Ukrayna bu qrupdakı ən militarizasiya olunmuş ölkədir. Onun nəhəng ordusu, yüksək texnologiyalı dron sənayesi və hər kəsdən daha çox müharibə təcrübəsi var... Əgər Ukraynanın hərbi gücü Fransa, Almaniya, Polşa və Böyük Britaniyanın gücü ilə birləşərsə, bu koalisiyanın potensial silahlı qüvvəsi həm nüvə, həm də qeyri-nüvə dövlətlərini əhatə edən nəhəng bir gücə çevrilər".
Danimarka, Finlandiya, Fransa, Almaniya, Niderland, Norveç, İsveç və Böyük Britaniya birgə bəyanatla bildiriblər ki, Trampın rüsum hədələri "transatlantik münasibətləri sarsıdır". Aİ ölkələri hazırda ABŞ mallarına qarşı 93 milyard avro dəyərində rüsum tətbiq etməyi və ya Amerika şirkətlərinin bazara girişini məhdudlaşdırmağı nəzərdən keçirirlər.
Alpər
Şərhlər