Bahəddin Həzi
Pərviz Cəbrayıl, necə deyərlər, gözümüzün önündə böyüyüb. Sözün az qala hər iki mənasında.
Adam var, gözümüzdə böyüdürük, adam var, gözümüzlə "böyüdürük"; atdığı hər addım, qalxdığı hər pillə, qazandığı və itirdiyi hər şey göz qabağındadır.
Gözümüzün qabağında kiçilən o qədər adam var ki!
Ancaq Pərviz usta sözbəsöz, kəlmə-kəlmə, cümlə-cümlə, sətir-sətir, roman-roman böyüdü, sözün və Sözün hər mənasında əvvəlcə yekə kişi oldu, sonra da Böyük Kişi oldu.
Pərviz həm sosial fakt kimi, həm yaradıcı faktor kimi - özünəxas insan profili kimi sevdiyim böyük kişidir.
"Böyük kişilərdən biridir" demirəm, çünki hər böyüyün özünə məxsus kişiliyi, hər kişinin özünə yaraşan böyüklüyü olur. Aristotel məntiqi burda işləmir.
Pərviz həmişə iddialarının kiçikliyində imkanlarını böyüdüb. Jurnalist kimi, publisist kimi, yazıçı kimi...
Onun əksər romanlarını oxumuşam. Bəzən mənə elə gəlir, Pərvizin bütün romanları bizə sağlığımızda (sağlığımıza!) yazılmış tragikomik bir rekviyemdir. Pərviz bütün "Öləngi"lərin qulağına "Yad dildə" "Məryəm surəsi" pıçıldayıb. Deyib, yaşaya bilirsinizsə, adam kimi yaşayın, ya da, heç olmasa, öləndə adam kimi ölün...
Pərviz Cəbrayıl, qardaş, kim necə yaşayır, kim necə öləcək, bilmirik. Ya da bunu bildiyimizi bilmirik. Sən isə uzun yaşa! Bu vaxta qədər neçə il və NECƏ il yaşamısansa, elə yaşa! Sonrasını isə heç düşünmə, Yaradana burax. Sənin kimi adamların ömrünün əvvəli və ortası maraqlıdır, sonunda Göydən neçə alma düşəcək və necə alma düşəcək, onu kim yeyəcəksə, indidən nuş olsun! Onda da bizim arxamızca nə deyəcəklər, onu da bizdən sonraya buraxaq. Sənin şəxsiyyətin və yaradıcılığın elədir ki, vicdanı olan vicdanla deyəcək, vicdanı olmayanın isə nəyi deyib, nəyi deməyəcəyi nəyimizə lazımdır?!
Sən yaxşı oğlansan. Bir bunu bilirəm; demək mənə bəs edir, eşitmək sənə.
Mübariz Əsgərov deyirdi: "Çalışın, salamat qalın". Mən də əlavə edirəm: salamat qal və çalış. Çünki yazdıqların hələ yazmadıqlarının anonsudur.
Mən belə hiss edirəm...
Hə, bir də Tanrıdan aldığın bu iki "5" - bioloji 55 sənə ana südü kimi halaldır. Axı bu dünyada ana südündən halal bir şey yoxdur...
Şərhlər