Xəbər lenti

133 illik sir açıldı - Bir ailənin faciəsi olan
Dünya 15:41 23.03.2025

133 illik sir açıldı - Bir ailənin faciəsi olan "Western Reserve" niyə batıb?

ABŞ-da yerləşən Superior gölünün soyuq və qaranlıq suları düz 133 ildir ki, yaxın tarixin ən böyük sirrlərindən birini gizlədirdi. Nəhayət, bu sirr açılıb.

Qaynarinfo xəbər verir ki, 1892-ci ildə dünyanın ən böyük şirin su gölü olan Superior güclü bir fırtınanın təsiri altına düşür. "Qızıllı dövr" adlanan zamanın ən möhtəşəm gəmilərindən biri olan "Western Reserve" bu fırtınanın mərkəzində qalır.

O dövrdə gəmidə milyonçu gəmi sahibi Piter Q. Minç və ailəsi də daxil olmaqla 27 nəfər olub. Lakin qəfil baş verən hadisə nəticəsində tamamilə poladdan inşa edilmiş bu nəhəng buxar gəmisi bir anda yoxa çıxıb. Faciədən yalnız bir nəfər sağ çıxa bilib.

"Ən təhlükəsiz gəmi" hesab olunurdu

"Western Reserve" mühəndislik möcüzəsi sayılırdı. O, təkcə Amerikanın sənaye gücünü nümayiş etdirmir, həm də ABŞ-ın Böyük Gölləri üçün xüsusi olaraq istehsal edilən, tamamilə poladdan ibarət ilk buxar gəmisi kimi tarixə düşmüşdü.

90 metr uzunluğunda olan bu yük gəmisi daşıma rekordları qırmaq üçün tikilmiş və dövrünün ən təhlükəsiz gəmilərindən biri kimi tanıdılmışdı. "Western Reserve" təkcə bir gəmi deyil, həm də sənaye inqilabının ruhunu əks etdirən, polad və buxarın möhtəşəm vəhdətindən ibarət bir saray kimi qəbul edilirdi.

Gəminin sahibi və kapitanı Piter Q. Minç olub. O, gəmiçilik sahəsində böyük uğurlar qazanmış və bu sahədə nüfuzlu bir ticarət nəhənginə çevrilmişdi.
 


Ailəvi istirahət faciəyə çevrildi

Minç öz gəmisinə tam etibar edirdi və 1892-ci ilin avqustunda həyat yoldaşı, iki kiçik övladı, baldızı və bacısı oğlu ilə birlikdə səyahətə çıxır. Onların məqsədi Huron gölü üzərindən Minnesota ştatına yollanaraq yay mövsümünün son günlərini dəbdəbəli və xoş bir səyahətlə keçirmək olub. Lakin bu ailəvi istirahət planı qısa müddət sonra Böyük Göllər tarixinin ən dəhşətli faciələrindən birinə çevrilib.

30 avqust 1892-ci ildə günəş batarkən, Superior gölü də öz qaranlıq tərəfini göstərməyə başlayır. Vitefiş körfəzinə sığınıb fırtınanın sakitləşməsini gözləyən Minç və heyət üzvləri, havanın bir qədər durulacağını ümid edərək yola davam etməyə qərar verirlər.

Axşam saat 21:00 radələrində "Western Reserve" qəfil bir külək burulğanına düşür. Nəhəng dalğaların çırpdığı gəminin polad gövdəsi parçalanmağa başlayır. O dövr üçün möhtəşəm hesab edilən gəmi amansız fırtına qarşısında aciz qalır.
 


Faciədən yalnız bir nəfər sağ çıxdı

Bircə neçə dəqiqə ərzində "Western Reserve"in aqibəti həll olunur. Həmin vaxt gəmi sahildən təxminən 96 kilometr (60 mil) uzaqda olur.

Sərnişinlər və heyət üzvləri iki xilasedici qayıqda canlarını qurtarmağa çalışırlar. Lakin faciənin davamı gəlməkdə idi. Qayıqlardan biri daha sudan ayrılan kimi içindəkilərlə birlikdə aşıb batır. Minç və ailəsi ilə birlikdə bir neçə heyət üzvünü daşıyan ikinci qayıq isə qaranlıq suların içində nəzarətsiz şəkildə sürüklənib.

Ümidverici bir məqam var idi: yaxında başqa bir gəmi görünür. Faciə qurbanları yarım saat ərzində kömək çağıraraq səslərini həmin gəmiyə eşitdirməyə çalışırlar. Lakin güclü külək və fırtına onların səslərini boğur. İşarə fişəngi kimi bir siqnal vasitələri olmadığından, qaranlıqda görünməz və eşidilməz vəziyyətdə qalırlar.

Suda keçirdikləri 10 saatdan sonra Superior gölünün sahilləri uzaqdan görünməyə başlayır. Lakin ümidlərin yenicə canlandığı vaxtda böyük bir dalğa qayıqları aşırır. Minçin ailəsi və digər sərnişinlər buz kimi sulara qərq olurlar.

Yalnız bir nəfər - gəminin miçiqanlı sükançısı Harri V. Stüart sağ qalmağı bacarır.
 


133 illik sirrin açılması

Uzun illər boyunca "Western Reserve"in dəqiq harada batdığı və gölün dibində qalıb-qalmadığı sualları tarixçilər və batıq araşdırmaçılarının maraq dairəsində olub. Lakin müasir texnologiyanın və tədqiqatçıların israrı sayəsində bu sirr nəhayət həll edilib.

Böyük Göllər Gəmi Batıqları Tarixi Cəmiyyətinin (GLSHS) dəniz əməliyyatları direktoru Darril Ertel və qardaşı Dan iki il davam edən araşdırmalarının nəticəsini 2024-cü ilin yayında əldə ediblər. David Boyd adlı gəmilərində quraşdırılmış yan skan texnologiyası vasitəsilə göl dibində qeyri-adi bir obyekt aşkar edilib.

Ertel bu barədə belə danışır:

"Skan apararkən sol tərəfdə kiçik bir kölgə gördük. Ölçdüyümüzdə onun 12 metr uzunluqda olduğunu anladıq. Daha yaxından baxdıqda karqo ambarlarının qapaqlarını müşahidə etdik. Elə bil gəmi ortadan qatlanmışdı. Parçaların hər biri 45 metr idi və biz dərhal başa düşdük ki, "Western Reserve"i tapmışıq".
 


Qalıqların dərinlikdə olduğu təsdiqləndi

Araşdırma qrupu sualtı pilotsuz cihazlar vasitəsilə gəminin qalıqlarını Vitefiş körfəzinin 96 kilometr şimal-qərbində, 180 metr dərinlikdə aşkar edib.

Ertel bu kəşfin onun üçün nə qədər həyəcanverici olduğunu belə izah edib:

"90 metrlik "Western Reserve"in sahildən bu qədər uzaqda fırtınaya düşməsi dəhşət doğurur. Ani bir külək heç gözlənilmədiyi anda hər yerdə və istənilən vaxt vura bilər".

GLSHS-in icraçı direktoru Brüs Linn isə bu qalıqların yalnız bir tarix sirrini açmaqdan daha böyük əhəmiyyət daşıdığını və Böyük Göllərin nə qədər təhlükəli olduğunu bir daha göstərdiyini vurğulayıb:

"Hər bir qalığın öz hekayəsi var, lakin bəziləri daha faciəvidir. Piter Q. Minç ailəsini yay səyahətinə dəvət edərkən belə bir fəlakətin baş verə biləcəyini heç düşünməzdi. Bu, Böyük Göllərin ilin istənilən vaxtında nə qədər təhlükəli ola biləcəyini bir daha xatırladır".

"Western Reserve"in tapılması yalnız bir gəminin taleyini açıqlamaq deyil, həm də Böyük Göllərin gözlənilməz təhlükələrini bir daha sübut edir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->