Xəbər lenti

Dünya 14:14 25.03.2025

"Signal"da yüksək vəzifəli məmurların qalmaqallı yazışması

ABŞ prezidenti Donald Tramp onun milli təhlükəsizlik komandasının "The Atlantic" nəşrinin redaktoru Ceffri Qoldberqi "Signal" çatı müzakirəsinə əlavə etməsindən xəbərsiz olduğunu deyib. Həmin çatda Yəməndə husilərə qarşı hücum planları müzakirə olunub. ABŞ-ın müdafiə naziri Pit Geqset isə ümumiyyətlə, bu çatda hərbi planların müzakirə edildiyini inkar edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

"The Atlantic" nəşrinin Qoldberq tərəfindən dərc edilmiş məqaləsi ilə bağlı jurnalistin sualına cavab olaraq Tramp bildirib:

"Mən "Atlantic"in böyük pərəstişkarı deyiləm. Mənim üçün bu, bağlanmaqda olan bir jurnaldır. Düşünürəm ki, bu, elə də yaxşı jurnal deyil. Amma onun haqqında heç nə bilmirəm".

Jurnalist ABŞ prezidentinə izah edib ki, Qoldberqin əlavə edildiyi çatda Yəməndə husilərə qarşı hərbi planlar müzakirə olunub. Tramp isə cavabında bu barədə heç nə bilmədiyini təkrarlayıb:

"Bu çox effektli olmamış ola bilməz, çünki hücum çox effektli idi. Sizə deyə bilərəm ki, mən bununla bağlı heç nə bilmirəm. Bu barədə mənə ilk dəfə siz deyirsiniz".

Müdafiə naziri Pit Heqset isə Trampın komandasından kimsənin çata "hərbi planlarla bağlı mətn mesajları" göndərmədiyini bildirib:

"Heç kim hərbi planlarla bağlı mətn mesajları göndərməyib və bu, bu barədə deməli olduğum hər şeydir", deyə o, jurnalistlərə bildirib.

Eyni zamanda, nəşr iki mənbəyə istinadən yazır ki, Tramp martın 24-ü günorta saatlarında jurnalistin çata əlavə olunması məsələsi barədə məlumatlandırılıb.

Mənbələrin sözlərinə görə, brifinq zamanı Tramp Qoldberqə qarşı laqeyd münasibətini ifadə edib və onu "çoxdan bəyənmədiyini" bildirib. CNN xatırladıb ki, Trampın Qoldberqə qarşı neqativ münasibəti 2020-ci ildə başlayıb. Həmin vaxt redaktor Trampın müharibədə həlak olan amerikalıları "uğursuzlar" və "axmaqlar" adlandırdığını yazmışdı.

"Signal"da Yəmənə hücum müzakirəsi: nə məlumdur?

Daha əvvəl UNİAN xəbər vermişdi ki, ABŞ-ın yüksək rütbəli məmurları Yəmənə zərbələr endirilməsini Signal çatı vasitəsilə müzakirə ediblər. Lakin bu müzakirələrə təsadüfən The Atlantic jurnalisti Ceffri Qoldberq də əlavə edilib.

Müzakirə bir neçə gün davam edib və orada silahlar, hədəflər və hücum vaxtı barədə məlumatlar yer alıb. Qoldberq təsadüfən bu yazışmalara giriş əldə edib və onları ictimailəşdirib.

Milli təhlükəsizlik üzrə müşavir Mayk Volts ilk zərbələrdən sonra çata partlayışın görüntüsünü və üzərində ABŞ bayrağı olan şəkli göndərib. Tramp isə məlumat sızmasına əsəbiləşib və sual verib:

"Volts necə bu qədər ehtiyatsız ola bilərdi?"

Eyni zamanda, Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib ki, prezident "əvvəllər olduğu kimi, komandasına etibar etməyə davam edir".

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->