Goranboyda 1 yaşlı uşaq ölüb. İddialara görə, azyaşlı peyvənd edildikdən sonra vəfat edib
Hadisə ilə bağlı uşağın valideynləri danışmaq istəməyib.
Hadisədən sonra övladlarını peyvənd etdirən digər kənd sakinləri arasında narahatlıq yaranıb. Başqa bir kənd sakini isə bildirir ki, övladı həmin gün peyvənd edilsə də səhhətində hər hansı problem yoxdur.
1 yaşlı oğlan uşağının ölümü ilə bağlı Goranboy rayon xəstəxanasından isə bildirilib ki, fevralın 20-də azyaşlı Mirzəyev Nihat Sərvan oğlu Yuxarı Ağcakənd tibb məntəqəsində yaşına uyğun olaraq rutin profilaktik müayinədən keçirilib və Milli peyvənd təqviminə əsasən 6 komponentli peyvəndin, həmçinin pnevmokok infeksiyasına qarşı peyvəndin 2-ci dozası tətbiq edilib. Peyvənddən sonra azyaşlı müəyyən olunmuş müddət ərzində tibbi müşahidə altında saxlanılıb, hər hansı kəskin allergik reaksiya, anafilaktik əlamət və ya digər klinik dəyişiklik qeydə alınmayıb. Gün ərzində uşağın səhhəti ilə bağlı narahatlıq müşahidə edilməyib. Ertəsi gün saat 13:10 radələrində Goranboy rayonunun Yuxarı Ballıqaya kəndindən təcili tibbi yardıma çağırış daxil olub. Təcili tibbi yardım briqadası saat 13:25-də Şəfəq-Qaraçinar ərazisində çağırış edən şəxslərlə qarşılaşıb və 2025-ci il təvəllüdlü azyaşlının ölüm faktını təsdiq edib.
O da qeyd edilib ki, hadisənin zaman intervalı və klinik gedişi anafilaktik reaksiyanın tipik xüsusiyyətlərinə uyğun deyil. Anafilaktik reaksiyalar adətən peyvənd tətbiqindən sonra bir neçə dəqiqə - ən gec bir neçə saat ərzində inkişaf edir və kəskin klinik əlamətlərlə müşayiət olunur. Mövcud məlumatlara əsasən ölüm hadisəsinin anafilaktik reaksiya ilə əlaqəsi təsdiq olunmur. Hazırda fakt üzrə müvafiq qaydada araşdırma davam edir və yekun rəy məhkəmə-tibbi ekspertizanın nəticələrindən sonra açıqlanacaq.
Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik.
Şərhlər