Xəbər lenti

Bəzən yalan da bəs edir, deyilmi?..
Hüseynbala Səlimov
Ölkə 10:05 22.12.2025

Bəzən yalan da bəs edir, deyilmi?..

Uşaqlıq "təcrübələri” yana, sonradan "ədəbiyyata” daha bir "böyük qayıdışım” oldu. Amma çox çəkmədi və "ədəbi-bədii külliyatım” cəmi iki-üç hekayədən və bir-iki felyetondan ibarət oldu. 

Geçikmiş "yazıçılıq” həvəsimin də səbəbini deyim. 90-çı illər idi, əlimiz hələ hər yerdən üzülməmişdi, ümidlərimiz qalırdı. 

Bir dəfə bir avropalı solçunun fikrini oxudum. Deyirdi siyasi, iqtisadi sferada bacarmırsınızsa, mədəniyyəti "götürün”, qalan şeylər özü gələcək. Bunun məğzi o idi ki, hakimiyyətdən əvvəl insanların beynini dəyişməyə çalışın.  

Onda müxalifətin "ştatdankənar” ideoloqlarındandım. Fikir tutdu məni, "ədəbiyyata” baş vurmağımın birinci səbəbi oldu. İkincisi, eşitmişdim, jurnalları senzuradan keçirmirlər. "Azadlıq” qəzetində çox dedim bunu, amma maraqlanmadılar, bəlkə də ona görə ki, imkan, maliyyə yox idi. 

Belədəsə, jurnal buraxmaq üçün yaradıcı problemimiz olmamalıydı. Onda köşə-möşə dəbdə deyildi, yazarlarımızın çoxu iri həcmli məqalə müəllifləridi. Üstəgəl, hətta gənc ədiblərimiz də vardı ki, məndən fərqli,  artıq onda ədəbiyyatla bağlı daha ciddi planlar qururdular özləri üçün.  

Qərəz, potensial imkanlar olsa da, maraqlanan olmadı. Özümün "ədəbi-bədii cəhd”lərimə gəldikdə, doğrusu, bilmədim, jurnalların senzuradan keçirilməməsi söhbəti nə qədər doğru idi, amma başa düşdüm ki, rəsmi senzorlara ehtiyac yoxdur, demək olar ki, hər jurnalda əməkdaşlar özləri bunu çox diqqətlə, səliqəylə edirlər. 

Qətiyyən qınamıram! Bilirsiniz, bütün senzorlardan daha böyük bir senzor da var, adı da qorxudur: bəli, hüquqi və hətta fiziki təqibə-təzyiqə məruz qalmaq, ən əsası, işini itirmək qorxusu! Burada Tarkovskinin çox məşhur filmini necə xatırlamayasan?
   
Nə başınızı ağrıdım, "nasirlik karyeram” da belə qurtardı. İndi keçim sözümün əsas "mübtəda”sına.  

Bir də görürsən, məndən də soruşurlar ki, nə əcəb kitab yazmırsan? Zarafatla deyirəm ki, əsl siyasətçilər yazmağı, xüsusən də siyasətin ən incə mətləbləri-gizlinləri haqda yazmağı sevmirlər, onların hətta yazıları da müəyyən siyasi məqsədlərə xidmət edir. 

Əlbəttə, maddi imkan deyilən böyük problem də var. Kitab çap etmək üçün pul lazımdır. Hələ onu demirəm ki, o gün baxıram, yalnız son beş-üç ildə tək bir rusdilli sayt üçün 766 yazı yazmışam! Bunların hamısı 8-10 min işarəlik yazılardır. Neçə kitaba sığışdırım bunları! 

Birtəhər çıxmasın, Çörçil kimi siyasi nəhəng pul qazanmaqçün yazırdı; onun özünü tarixə salmaq - proyeksiya etmək problemi yox idi. Bizdə də öz kitablarından, yazılarından pul qazanan varsa, irəli dursun, biz də örnək götürək. Halbuki hərdən çox yaxşı şeylər də yazılır, amma hər şeyə pul tapan ulu millətimiz heç vaxt kitaba pul tapmır...

Ola bilsin, sözüm qəribə görünəcək sizə, amma yaşamaqçün bəzən yalan da bəs edir. Özümüz də hərdən bir cümləlik həqiqət əvəzinə bir səhifəlik yalan yazırıq ki, insanların sadəcə, yaşamaq üçün stimulu olsun. 

Belədəsə, həyatın özü ən böyük yalan deyilmi? Böyük filosoflar- ekzistensialistlər bir yana, səhv etmirəmsə, elə bizim Ramiz Rövşənin də çox gözəl sözü var: deyir ki, dünyaya gəlməzdik, analar aldatdı bizi...     

Odur, özümüzün prinsiplərimizin belə davasını-savaşını aparmaq istəmirik, ən azı hələ! Sovet vaxtı bir roman oxumuşdum, adı maraqlı idi: "Geriyə baxma, qoca”! Deyəsən, rəhmətlik İlyas Əfəndiyevin idi. 

Bəli, adam hətta öz keçmişinə belə baş vurmaq istəmir. Deyirsən, qoy, insanlarımız elə indiki kimi düşünsünlər ki, bəzi məsələlər elə doğrudan da onların bildiyi, eşitdiyi kimidir. Hərçənd, bizim bəzi siyasi möhtəkirlər bundan gen-bol faydalanır, hətta fikirləşirlər ki, bir-iki adam qalıb, çox keçməz, onların da ürəkləri partlayıb ölərlər və beləcə, hər şey unudular, əvvəl insanların, daha sonra da dəmir kompüterlərin və  telefonların yaddaşından tamamilə silinər, qalar yalnız bunların vaxtında oğurladıqları pullara çap etditdikləri "kitab”ları...

Özüm də daha gənclikdəki kimi maksimalist və idealist deyiləm. Özümə də təlqin edirəm ki, 80-90-cı illərin insanları həqiqətən nəsə etdi. Bəli, artıq etmək olardı, amma neyləmək olar?.. 

O gün bəzi deputatlarımızı yenə "avro-isteriya” tutmuşdu. Doğrusu, dəqiq bilmədim ki, Brüsseldə və ya Strasburqda, yumşaq şəkildə desək, bəzi "siyasi lotular” yenə nə oyun çıxardıblar? 

Amma özmüzünküləri dinləyəndə vətəndaş sualı keçdi beynimdən: qardaşlar, nolar, bir az səbrli olun, bəlkə doğrudan da müəyyən hüquqlarla, məsələn, yaradıcı-akademik azadlıqlarla bağlı problemimiz var? Niyə hər şey belə qıcıq yaradır sizdə?

Vallah, Avropa hələ çox lazımımız olacaq. Bir-iki il əvvəl mənə bəzi həmkarlar belə "Avropa - Qərb qurtardı” deyirdi. İndi məlum olur ki, Putin "dostumuz” çıxmadı, yenə şükür Qərbə, ABŞ-a! Axı indi hamımız  Zəngəzur layihəsinə də "Tramp yolu” deyirik ki, qoy, işimiz alınsın. 

Rəhmətlik Süleyman Dəmirəlin çox məşhur sözü vardı: "siyasət həm də səbr tələb edən işdir”. Hətta bir siyasi təhlilçi kimi deyərdim ki, heç Putini də  "topa” tutmaq lazım deyil. Hamınız özünüzü "qeyri-səlis məntiq”, Lütfü Zadə nəzəriyyələri üzrə böyük mütəxəssis sayırsınız, heç olmasa, onu yada salın: həyat, eləcə də siyasət yalnız ağ və qaradan, dost və düşməndən ibarət deyil...  

Azca səbrinizi basın, bir vətəndaş kimi izah etməyə çalışım. Düzdür, bizim, məsələn, Ruhani İdarəsi alimlərimiz üçün katolik kilsəsi kimi tonqal qalamır, daha kimisə "Yer fırlanır!” dediyinə, "Başqa dünyalar da var!” söylədiyinə görə keçmiş Avropadakı kimi tonqalda yandırmırlar. 

Amma demək də olmur ki, məsələn, ictimai elmlərdə, xüsusən də bədii sənətdə problemlər tamam yoxdur. Bir də deyirəm, artıq kvant mexanikasına aid kitabın girişində Lenindən sitat gətirməyi tələb edən yoxdur, amma hazırda ictimai elmlərə bir az yaxın adam kimi deyirəm: müəyyən problemlər var.  

Sənətçilərimizi də izləməyə çalışıram. Bir dəfə yeni nəsil rejissorlarımızdan biri dedi ki, burada hansı kinodan damışmaq olar, hətta adi "sevgi səhnəsi”ni də çəkmək olmur! Çox xahiş edirəm, sözlərimi qeyri-səmtə-filana yozmayın, məni şəxsən erotika-filan heç gənclikdə belə maraqlandırmayıb, ondan qala, 61 yaşımda ola! Sadəcə, rejissorun, mütəxəssis-sənətçinin sözünü deyirəm. 

Bir tamaşaçı, oxucu kimi özümün də bir xeyli gileyim var: axı həqiqətən də hər şeyi təbliğata çevirmişik, hər şeyə bir təbliğat kimi baxırıq! Amma kino təbliğat deyil axı! Ədəbiyyat təbliğat üçün deyil axı! Bunlar daha böyük sənətdirlər! Məgər, Fellini İtaliyanı təbliğ etmək üçün çəkirdi filmlərini? Məgər cənublu qardaşımız Cəfər Pənahi İranı və ya onun hakimiyyətini təbliğ etməkçün çəkir? 

İllər öncə bir ədəbi oxucu kimi çox ciddi narahatlıqlar yaşadım, heç kimə də sözüm çatmadı. Razılaşın ki, "Əli və Nino” həqiqətən çox gözəl romandır. Amma təbliğat çarxı deyil axı bu! 

Əsəri kimin yazması dəqiq bilinmir, amma yazıçının məqsədi azərbaycanlıları təbliğ etmək olmayıb. İnsan sevgi haqda, həm də Şərq və Qərb haqqında gözəl əsər yazıb.
   
Razılaşın ki, yaradıcı azadlıqlarla bağlı da problemlər var və  bunlar əksər halda ona görə səs-küyə çevrilmir ki, hamı özünə senzorluq edir. Nəticəsi nolur? Gözəl roman, gözəl film və ya gözəl tamaşa yaranmır.      
 
Özümüzə də, millətə də nə qədər tez demokratik vərdişlər aşılamağa başlasaq, hamımızçün faydası olar. 

90-cı illərdə mənə bir keçmiş böyük vəzifəlimizin demokratiya haqqında "yazdığı” kitabı vermişdilər. 

Xeyli vərəqlədim və gördüm yazıb ki, Fales belə gəldi, Demokrit elə oldu, Perikl ora getdi! Onda da yazdım, indi də deyirəm ki, müəllim, bunları sənsiz də bilirik. Sənsə de görək, vaxtilə o boyda vəzifədə olanda demokratiya üçün nə etdin? Hansı qanunu qəbul etdirdin, hansı sənədi ratifikasiya etdirdin, hansı təklifi və düzəlişi irəli sürdün? Yoxsa Fales belə gəldi, Perikl elə getdi! Bəlkə hərdən xudayarlarla məmmədhəsənlər haqqında da nəsə yazasan?..

Hüseynbala Səlimov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->