Zülal saçın möhkəmliyini qorumağa kömək etsə də, onun həddindən artıq istifadəsi saçın onu mənimsəmə sürətini aşdıqda tellər sərtləşə və kövrək hala gələ bilər.
Qaynarinfo-nun "HuffPost"a istinadən verdiyi məlumata görə, bu vəziyyət saçda kövrəklik, elektriklənmə və dolaşıqlıq yaradır. Mütəxəssislər zülal yüklənməsinin nə olduğunu və necə müəyyən edilə biləcəyini izah ediblər.
Saçda zülalın artıqlığı nə edir?
Saç əsasən keratindən ibarətdir və bu zülal hər bir telə möhkəmlik və struktur verir. Keratin zəncirləri arasındakı bağlar saçın uzanmasına və elastikliyinə imkan yaradır.
Trixoloq və "Truly You Hair & Scalp” klinikasının rəhbəri Karolin Rukkero bildirib ki, sağlam saç həm möhkəm, həm də elastik balansda olmalıdır: "Sağlam saç zülal matrisi və onun bağlarının bütövlüyünü qoruduğu, eyni zamanda elastiklik və parlaqlığı saxladığı vəziyyətdir".
Lakin zülal əsaslı şampunlar, maskalar və baxım məhsulları həddindən artıq istifadə olunduqda "zülal yüklənməsi” yaranır.
Trixoloq Emmanuil Mroçka isə bildirib: "Hər şeydə olduğu kimi, "çox" həmişə "yaxşı" demək deyil".
Onun sözlərinə görə, bu vəziyyətdə saç sərt, saman kimi görünür, kondisionerə baxmayaraq yumşalmır və asanlıqla qırılır. O əlavə edib ki, qırılma bəzən saçın kökündə və ya orta hissəsində baş verir, çünki saç elastikliyini tamamilə itirir.
Zülal artıqlığını necə ayırd etmək olar?
Zülal yüklənməsi bəzən sadə quruluqla qarışdırıla bilər, lakin əsas fərq elastiklikdir. Mroçkanın sözlərinə görə, quru saç nəmlə yumşala və bir qədər uzana bilir, zülal artıq olan saç isə sərt qalır və asan qırılır. O, evdə sadə test təklif edib: yaş saç telini ehtiyatla dartmaq. Sağlam saç bir qədər uzanıb geri qayıtmalıdır.
Saçda zülal balansının pozulmasının səbəbləri
Kimyəvi prosedurlar (boyama, ağartma, kimyəvi burulma), istiliklə formalaşdırma və çirklənmə saçın qoruyucu kutikul qatını zədələyir. Dermatoloq və saç transplantasiyası cərrahı doktor Divya Şokin bildirib ki, kutikula zədələndikdə saç həm zülal, həm də lipid itirir və daha məsaməli olur. Bu isə məhsulların daha çox hopmasına səbəb olaraq yüklənmə riskini artırır.
O vurğulayıb ki, zədələnmiş saç üçün yalnız zülal deyil, zülal–nəmlik–lipid balansı vacibdir: "Həddindən artıq bərpaedici məhsullar əks təsir yarada bilər”.
Saç üçün risk qrupları
Nazik və kimyəvi işlənmiş saçlar daha həssasdır. Belə saçlarda zülal məhsulları tez sərtlik yaradır. Yüksək məsaməli saçlar zülalı sürətlə hopdurur, aşağı məsaməli saçlar isə onu səthdə saxlayaraq sərt qat yaradır.
Mütəxəssislər zülal müalicələrinin fasilələrlə tətbiq olunmasını tövsiyə edirlər: məsələn, bir ay istifadə edib bir neçə ay fasilə vermək.
Saça qulluq rejiminin bərpası
Mroçka tövsiyə edib ki, ilk mərhələdə bütün zülal tərkibli məhsullar dayandırılmalıdır. Daha sonra nəmləndirici şampun və kondisionerlərə keçmək lazımdır. Dərin təmizləyici şampunlardan isə iki həftədə bir dəfədən çox istifadə edilməməlidir, çünki onlar təbii yağları azalda bilər. Saç yenidən yumşaq və elastik olduqdan sonra zülal tədricən yenidən rejimə daxil edilə bilər. Məqsəd tam imtina deyil, balansdır.
Aydın
Şərhlər