Xəbər lenti

Zəngilanda analar üçün maarifləndirmə və psixoloji dəstək təlimləri keçirildi (FOTO)
Foto 13:32 17.07.2025

Zəngilanda analar üçün maarifləndirmə və psixoloji dəstək təlimləri keçirildi (FOTO)

Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi "İşğaldan azad edilmiş ərazilərdə analarla iş" layihəsinin icrasını davam etdirir.

Layihə çərçivəsində növbəti təlim proqramı 11 və 13 iyul tarixllərində Zəngilan rayonu Ağalı kənd orta məktəbində baş tutub. 

Birliyin və layihənin rəhbəri Sevinc Fədainin verdiyi məlumata görə, layihə post-münaqişə şəraitindən təsirlənmiş bölgələrdə məktəbəqədər yaşlı uşaqların sağlam inkişafına və ailə tipli məktəbəqədər təhsil modelinin tətbiqinə dəstək olmaq üçün anaları maarifləndirmək və təlimləndirmək üzərində qurulan hərtərəfli təşəbbüsdür: "Təşəbbüs erkən uşaq inkişaf dövrünün önəminə diqqət çəkərək, analara bir sıra təhsil və psixoloji təlim proqramları və resursları vasitəsilə uşaqlarını evdə mənalı öyrənmə təcrübələrinə cəlb etmək üçün üsul və alətlər təqdim edir. Keçirilən kreativ fəaliyyətlər uşağın həyatının mühüm ilk illərində fiziki, emosional və sosial inkişafını nəzərdə tutur.

Layihə ev mühitində erkən təhsilin vacibliyini vurğulayaraq, uşaqlara ömürboyu təhsil üçün möhkəm zəmin yaratmağa və onları akademik səyahətlərində uğura hazırlamağa çalışır. 
Təlim proqramı, həmçinin, anaların psixoloji və emosional dəstəklənməsinə xüsusi diqqət yetirir. Müharibənin təsir etdiyi anaların travma ilə mübarizə aparması, özünəinamını bərpa etməsi və uşaqlarla sağlam emosional bağ qurması üçün terapevtik dəstək və məsləhət xidmətləri təqdim edilir. Bu yanaşma anaların yalnız uşaqların tərbiyəsində deyil, həm də özlərinin mənəvi gücünü və emosional dayanıqlığını bərpa etməsində, ailə dəyərlərinin qorunması və icmaların sosial inteqrasiyasında mühüm rol oynayır".

Təlimdə məktəbəqədər yaşlı və məktəbli uşaqların anaları iştirak edib. Təlim zamanı analar üçün relaksasiya və özünüifadə çalışmaları, duyğu tənzimi məşqləri, art terapiya vasitəsilə duyğuların tanınması və ifadəsi, ailədaxili ünsiyyət bacarıqlarını gücləndirən interaktiv fəaliyyətlər təşkil edilib. Həmçinin, analarla erkən uşaq inkişafına dair praktiki tapşırıqlar yerinə yetirilib, ev mühitində uşaqlarla keyfiyyətli zaman keçirmək üçün sadə və effektiv üsullar təqdim olunub.

Təlim proqramını psixoloq Sevda Alışova-Bəşirli, art terapevt Nərmin Şahverdiyeva, metodist Vüsalə Mustafayeva və pedaqoq Gülmira Ələsgərova-Cəfərovadan ibarət peşəkar heyət həyata keçirib. 

Heyət, eyni zamanda, Ağalı kənd bağçasının şəraiti və əməkdaşları ilə tanış olub, uşaqlarla söhbət aparıb, oyunlar oynayıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->