Xəbər lenti

Yeni şəxsiyyət tipi - Otrovert: O, digərlərindən nə ilə fərqlənir?
Dünya 10:22 16.09.2025

Yeni şəxsiyyət tipi - Otrovert: O, digərlərindən nə ilə fərqlənir?

İndiyədək psixologiyada insanların əsasən ekstravert və introvert olaraq bölündüyü qəbul olunurdu. Son illərdə bu təsnifata ambivertlər də əlavə olunmuşdu. İndi isə yeni bir anlayış – otrovert – təqdim edilib.

Qaynarinfo xəbər verir ki, otrоvert anlayışını 2025-ci ildə Nyu-Yorklu psixiatr Rami Kaminski irəli sürüb.

O, "Aid olmamaq hədiyyəsi" ("The Gift of Not Belonging") adlı kitabında yazıb ki, şəxsi ünsiyyətdə uğur qazanan bəzi insanlar böyük qruplarda özlərini narahat hiss edirlər. Kaminski bu insanları "otrovert" adlandıraraq, onların nə tam ekstravert, nə də tam introvert olduğunu vurğulayıb.

Otrоvertlər cəmiyyətdən qaçmırlar, amma yalnız özlərinə xoş olan hallarda iştirak etməyi üstün tuturlar. "Əyləncə xatirinə əyləncə" onların seçimi deyil, onlar səthi zövqlərdən çox, dərin mənalar axtarırlar. Kaminskinin fikrincə, otrovertlərdə düşüncə daha orijinal olur, mühakimələri isə cəmiyyətin təsirindən asılı qalmır. Onlar miqdardan çox keyfiyyətə önəm verirlər, səmimiyyəti qiymətləndirir, konformizmdən uzaq dururlar. Belə insanlar kütləvi hərəkatlara, partiyalara və ya maraq klublarına etimad göstərmirlər.

Fərqlər nədən ibarətdir?

İntrovert - tək qalanda özünü rahat hiss edən, insanların arasında tez yorulan və təklikdən enerji alan insandır. Onun ünsiyyətə ehtiyacı az olur və sakitliyi dəyərli sayır.

Ekstravert - daim ünsiyyətə, yeni tanışlıqlara və hadisələrin mərkəzində olmağa can atan, təkliyi çətinliklə qəbul edən insandır.

Ambivert - vəziyyətə, əhval-ruhiyyəsinə görə həm introvert, həm də ekstravert xüsusiyyətləri nümayiş etdirə bilən şəxsdir.

Otrovert - Kaminski tərəfindən irəli sürülən yeni termin olub, mövcud çərçivələrə sığmayan, qruplarda özünü yad hiss edən, amma eyni zamanda sosial əlaqələrdən tam imtina etməyən insanlardır.

Hazırda otrovert rəsmi olaraq psixiatrlar tərəfindən tanınmayıb və bəzi mütəxəssislər bunun sadəcə yeni bir alt-kateqoriya yaratmaq cəhdi olduğunu düşünürlər. Kaminskinin əsas məqsədinin "özünü heç bir qrupa aid hiss etməməyin" normal olduğunu göstərmək olduğu bildirilir. Bununla belə, elmi psixiatriya hələ də insanları iki, maksimum üç əsas tipə bölməyin daha düzgün olduğunu vurğulayır.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->