Xəbər lenti

Yaşıl kənd təsərrüfatı, yaşıl enerji – Hansı dövlət proqramları hazırlanmalıdır?
Ölkə 17:05 12.07.2024

Yaşıl kənd təsərrüfatı, yaşıl enerji – Hansı dövlət proqramları hazırlanmalıdır?

(Yazı "Ekologiya və ətraf mühitin mühafizəsi" mövzusu üzrə hazırlanıb)

Ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev bir müddət öncə COP29-la əlaqədar təqdimat mərasimində bildirmişdi ki, tədbirin proqramı təkcə maliyyə məsələləri ilə məhdudlaşmayacaq. Burada bir çox mövzullarla yanaşı, yaşıl kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi mövzuları da müzakirə olunacaq.

Bu gün ölkədə yaşıl enerjiyə keçid, yaşıl kənd təsərrüfatına dəstək üçün dövlət proqramları həyata keçirilir. Xüsusilə yaşıl kənd təsərrüfatına keçid COP29-un proqramında olacaq əsas mövzulardandır.

Bəs, COP29-un proqramının maliyyə məsələləri necə həll olunmalıdır? COP29-un əsas mövzularından olan yaşıl kənd təsərrüfatı nədir, keçid necə olmalıdır? Dövlət bu istiqamətdə xüsusilə hansı dəstək proqramları hazırlanmalı, bu sahə ilə məşğul olan şəxslərə hansı dəstək verməlidir?

Qaynarinfo mövzunu iqtisadçı Akif Nəsirli ilə müzakirə edib. 

Akif Nəsirli bildirib ki, hələ bir müddət öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Euronews" televiziyasına müsahibəsı zamanı COP29-un maliyyə məsələləri ilə bağlı sualı cavablandırmışdı:

"Prezidentimiz suala cavab olaraq bildirdi ki, maliyyələşmə məsələsində bütün ölkələr bir-birilə həmrəy olmalıdır, bu ideyaların həyata keçməsinə vəsait qoymalıdır. Bu gün COP29 ölkələrini, digər inkişaf etmiş ölkələri səmimi olaraq maraqlandıran COP-un ideyalarının maliyyələşdirilməsidir. 
Lakin məsələ təkcə maliyyə dəstəyi ilə bitmir. Burda bir çox məsələlərlə bağlı tələb var. Məsələn, yaşıl enerjiyə keçid, yaşıl kənd təsərrüfatı bir tələb kimi bütün ölkələrin, o cümlədən Azərbaycanın qarşısına qoyulub". 
 


Akif Nəsirlinin sözlərinə görə, ilk növbədə yaşıl kənd təsərrüfatına keçid üçün fermerlər arasında maarifləndirmə işləri görmək, onlara yaşıl kənd təsərrüfatına keçidin faydalarını izah etmək lazımdır:

"Məsələn, kənd təsərrüfatı ilə məşğul olan insanlara bitkiyə azotu normadan artıq vermək lazım olmadığını, hansı dövrdə verilməli olduğunu izah etmək lazımdır. Bostan tərəvəz bitkilərinin məhsuldarlığını artırmaqdan ötrü azot gübrəsindən daha geniş istifadə olunur. Bu gübrələr bitkinin böyüməsində, məhsuldarlığın artmasında böyük rol oynayır. Bununla da fermer daha çox qazanmaq istəyir. Bu zaman isə həmin tərəvəzlərdən istifadə edən şəxslərin sağlamlığı təhlükə altında olur. Məsələn, tərəvəzlərdən zəhərlənmə halları olur, bəzən bu, ölümlə də nəticələnə bilir.

Buna görə də təlimlər keçirib, onlara torpaqdan, gübrələrdən düzgün istifadə qaydalarını başa salmaq lazımdır. Azot bitkinin vegetativ orqanlarının inkişfı üçündür. Azot gübrəsini çiçək dövrünə qədər vermək olar. Bu dövrdən sonra həmin bitkilərə azotu verilməsi cinayətdir. Ona görə də torpağa əvvəldən qulluq etmək lazımdır. Torpağın kaliuma, fosfora olan təbatını ödəmək lazımdır. Torpağın güclənməsi üçün ona orqanik peyin vermək lazımdır. Daha sonra torpağı növbəli əkinlə gücləndirmək olar. 

Keçən il Ağdamda soğana çoxlu gübrə verib şişirdərək, məhsuldarlığı 10-15 faiz artırdılar. Lakin mart ayı gəlməmiş çürüməyə başladı. Dedilər ki, anbarlarda doğru tempraturlarda saxlanmayıb. Amma səbəb burda həmin məhsulların tərkibindəki azotun çoxluğu idi. Bir sözlə, yaşıl kənd təsərrüfatı deyəndə həm yaşıl enerjidən, həm kimyəvi gübrələrdən normada istifadə etmək, daha çox orqanik gübrələrə üstünlük vermək və orqanik məhsul yetişdirməkdir".

Həmsöhbətimiz qeyd edir ki, kənd təsərrüfatında istifadə edilən enerji mənbələrinin dəyişdirilməsi də gündəlikdə olan əsas məsələlərdən biridir:

"Ümumiyyətlə, hökumət özü alternativ enerji mənbələrinin istifadəsinə dəstək verməlidir. Hazırda ötən ilin nəticələrinə görə, Azərbaycanda istehsal edilən elektrik enerjisinin yalnız 7 faizi alternativ mənbələr hesabına formalaşıb. Onun 6 faizi ənənəvi su elektrik stansiyalarının payına düşüb. Yerdə qalan 1 faizi isə digər - günəş, külək enerjisi və s. təşkil edib. 

Bu istiqamətdə Azərbaycan kifayət qədər inkişaf etməyib. Dövlət özü işlər görməklə bərabər, sahibkarlara da öz elektrik enerjisini istehsal etmək üçün şərait yaratmalıdır. Məsələn, kənd təsərrüfatı ilə məşğul olan fermerin özünün enerjiyə olan tələbatını ödəmək üçün imkanları olmalıdır. Bunun üçün ölkədə kiçik su elektrik stansiyaları yaradılmalıdır. Bundan əlavə, yüksək keyfiyyətli günəş panellərinin istehsalı təşkil olunmalıdır. Fermerlər fəaliyyət göstərdiyi ərazidə günəş panellərindən istifadə edərək özünün elektrik enerjisinə tələbatını ödəməlidir, əlavə də enerji istehsal edibsə, onu da sata bilmək imkanı olmalıdır. 

Elə primitiv işlər var ki, onlara eletrik enerjisinin sərf edilməsi artıq məsələ kimi görünə bilər. Bunun üçün dünya təcrübəsini öyrənməkdə fayda var. Məsələn, Türkiyə təcrübəsini götürək. Orda hamamlardakı su çənlərini günəş enerjisi ilə isidirlər. Hamamların üstündəki dəmir su çənlərin üstünə böyük lupalar yerləşdiriblər. Həmin lupalar günəş enerjisi hesabına hamamın suyunu isidir, heç bir əlavə enerjiyə ehtiyac olmur. Vətəndaşın isti suya olan ehtiyacını günəşli havalarda bu formada qarşılamaq olur. Patentləşməyə ehtiyacı olan bu cür üsulların geniş yayılmasına şərait yaradılması vacibdir ki, yaşıl enerjidən istifadə kütləvi hala çevrilsin".

Günay İlqarqızı
 
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->