Xəbər lenti

Xaricə 23 min dollar köçürdü, 4752 dollar cərimələndi
Ekonomiks 18:42 03.12.2025

Xaricə 23 min dollar köçürdü, 4752 dollar cərimələndi

"M.İ.T.İ Kəndli Fermer Təsərrüfatı" MMC inzibati məsuliyyətə cəlb olunub. 

Qaynarinfo xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə ittiham edilir. 

Bu maddə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması ilə bağlıdır. 

Maddədə inzibati cəza növü kimi vəzifəli şəxslərin inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10 faizindən 20 faizinədək məbləğdə, hüquqi şəxslərin isə inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilməsi nəzərdə tutulur. 

"M.İ.T.İ Kəndli Fermer Təsərrüfatı” MMC barəsindəki inzibati işə Saatlı Rayon Məhkəməsində baxılıb. Məhkəmə zamanı məlum olub ki, şirkət 23 760 ABŞ dolları məbləğində vəsaiti xaricə köçürüb və 2 il müddət keçsə də, həmin vəsait hesabına alınan malları (xidməti) ölkəyə daxil etməyib və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmayıb. 

Məhkəmənin qərarı ilə "M.İ.T.İ Kəndli Fermer Təsərrüfatı” MMC xaricə köçürdüyü məbləğin 20 faizi miqdarında, yəni, 4752 ABŞ dolları məbləğində cərimə edilib. 

"M.İ.T.İ Kəndli Fermer Təsərrüfatı” MMC 2011-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 30 manatdır. MMC-nin qanuni təmsilçisi Kazımov Mütalib Həmzə oğludur. 

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->