Xəbər lenti

Xaqani Hüseynovun maşını özünə qaytarıldı:
Ölkə 17:13 27.08.2024

Xaqani Hüseynovun maşını özünə qaytarıldı: "Ali Məhkəmənin ədalətinə inanıram"

Dələduzluq yolu ilə maşını ələ keçirilən tanınmış media nümayəndəsi Xaqani Hüseynovun əmlakı nəhayət geri qaytarılıb. 

Bu barədə Qaynarinfo-ya Xaqani Hüseynovun özü bildirib. 

Onun sözlərinə görə, maşının geri qaytarılmasında hüquq-mühafizə orqanlarının böyük rolu olub. "Dələduzluqla üzləşdikdən sonra polisə müraciət etdim. Operativ şəkildə dələduzu tapıb məhkəmə qarşısına çıxardılar. İndi o cəzasını çəkməkdədir. Lakin maşınım geri qayıtmadı. Çünki başqa adama satmışdılar. Bu baxımdan, mülki iddia qaldırdım. Maşının üzərinə həbs qoyuldu. Eyni zamanda Xətai Rayon Məhkəməsi işi ədalətli araşdıraraq, avtomobilin özümə qaytarılması barədə qərar çıxardı. Bakı Apellyasiya Məhkəməsi də qərarı qüvvədə saxladı", deyə Xaqani Hüseynov bildirib. 

O, əlavə edib ki, Bakı Apellyasiya Məhkəməsinin qərarından sonra maşın özünə qaytarılıb. "İndi qarşı tərəf Ali Məhkəməyə müraciət etmək niyyətindədir. Lakin mən birinci və apellyasiya instansiyaları kimi Ali Məhkəmənin də ədalətinə inanıram. Eyni zamanda bildirmək istəyirəm ki, İnam Kərimov Ali Məhkəmənin sədri təyin ediləndən sonra məhkəmələrə inam artıb. Tək mənim işimlə bağlı deyil, tanıdığım xeyli adam var ki, onların da işlərinə ədalətlə baxılıb.
 
Bu işdə Sumqayıt Şəhər İcra Şöbəsinin də böyük əməyi olub. Məhkəmə qərarı icraya yönəldilən kimi operativ şəkildə hərəkətə keçdilər. Onlara da dərindən təşəkkür edirəm.", deyə Xaqani Hüseynov vurğulayıb. 

O sonda hüquq-mühafizə orqanlarına, işinə ədalətlə baxan məhkəmələrə, həmçinin bu məsələni işıqlandıran media qurumlarına təşəkkür etdiyini bildirib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->