Xəbər lenti

Xameneidən sonrakı dövrdə İranı nə gözləyir? (ŞƏRH)
Dünya 16:29 12.09.2022

Xameneidən sonrakı dövrdə İranı nə gözləyir? (ŞƏRH)

İranın Ali rəhbəri Ayətullah Seyid Əli Xameneinin səhhətində ciddi problem yarandığı bildirilir. 

Qaynarinfo xəbər verir ki, müxtəlif media orqanlarında bu barədə məlumat yayılsa da, rəsmi Tehran iddialara heç bir münasibət bildirməyib. 
İranın bəzi media orqanlarında isə Xameneinin Fəqihlər Məclisində görüşünün təxirə salındığı barədə məlumatlar tirajlanıb. Fəqihlər Məclisinin üzvü Haşim Haşimzadə Herisi bu xəbəri təsdiqləyib. "Rəhbər müxtəlif məsələlərdən danışdığından indi söhbəti caiz saymadılar və bu görüş onların rahatlığı və vaxtının alınmaması üçün keçirilmədi", deyə Herisi İran mediasına açıqlamasında bildirib. 

Hətta Xameneinin vəfat etdiyi barədə də iddialar səsləndirilir. Lakin İranın Azərbaycandakı səfirliyindən Axar.az-ın sorğusuna cavab olaraq Xameneinin vəfat etməsi xəbərinin həqiqəti əks etdirmədiyi bildirilib. "Bizdə olan məlumata görə, Xamenei vəfat etməyib. Ağa sağ-salamatdır və heç bir problemi yoxdur. O, öz işinin başındadır”, deyə səfirliyin açıqlamasında vurğulanıb. 

İranın "Təsnim" xəbər agentliyi isə Fəqihlər Məclisində hər hansı görüşün planlaşdırılmadığını və Xameneinin səhhəti barədə iddiaların əsassız olduğunu yazıb. Məlumat üçün deyək ki, "Təsnim” agentliyi İnqilab Keşikçiləri Korpusuna (SEPAH) yaxın media quruluşu hesab edilir. 

İstənilən halda hazırda İranın gündəmi Ali rəhbərin səhhəti və post-Xamenei dövrüdür. Seyid Əli Xamenei İslam inqilabının lideri Ayətullah Seyid Ruhulla Xomeynidən sonra Ali rəhbər postuna yiyələnib. O, 1989-cu ildən vəliyyi-fəqih titulu daşıyır. Vilayəti-fəqih nəzəriyyəsinin mahiyyəti Xomeyninin liderliyi ilə İranda baş verən inqilabdan sonra ölkədə İslam hökuməti qurmaq ideyası xeyli populyar olub. Lakin şiə cərəyanında xüsusilə, Cəfərilər məzhəbində İslam hökuməti qurmaq hüququ Həzrəti Məhəmmədə və 12 İmama aiddir. Şiə etiqadına görə, müasir dövrdə İslam hökumətini qeybə çəkildiyi deyilən 12-ci imam Mehdi Bəqiətullah qura bilər. Bunu bilən Xomeyni Vilayəti-fəqih nəzəriyyəsini irəli sürərək, 12-ci imamın zühuruna qədər təqlid edilən (mərceyi-təqlid) müctəhidlərdən birinin İslam hökuməti qura biləcəyini bəyan etdi və ilk Vilayəti-fəqih də özü oldu. Vilayəti-fəqihi 82 seçkili ruhani xadimdən ibarət olan Fəqihlər Məclisi seçir. Bu statusda olan şəxs hakimi-mütləqdir. O, siyasi, iqtisadi, hərbi, hətta şəxsi məsələlərə müdaxilə edə biləcək hüquqa malikdir. Vilayəti-fəqih məsumiyyət baxımından Həzrəti Məhəmməd və 12 İmamla eyni dərəcədə tutulmasa da, idarəçilikdə eyni hüquqa malikdir. Vilayəti-fəqih müqəddəsata aid şəxsiyyətdir və təkcə İranın deyil, dünyadakı bütün Cəfəri məzhəbində olan şiələrin rəhbəri kimi təqdim edilir. Onu da qeyd edək ki, Vilayəti-fəqih nəzəriyyəsini birmənalı olaraq Xomeyniyə aid olduğunu söyləmək doğru olmazdı. Bu anlayış Xomeynidən 150 il əvvəl də gündəmə gətirilib. 


Fəqihlər Məclisi

Nəzəriyyənin müəllifi kimi XIX əsrdə, Qacarlar dövründə yaşamış ünlü şiə ruhanisi Molla Əhməd Nərakinin adı çəkilir. O, "Mənacihül – Üsul və Əvaidül-Əyyam” adlı əsərində fəqihin yalnız dini mahiyyət daşıyan hadisələrə deyil, həm də siyasi proseslərə münasibət bildirmək haqqına sahib olduğu fikrini irəli sürüb. Nəraki özü də onun əməli nümunəsini təqdim edərək, 1826-1828-ci il Rusiya-İran müharibəsinin başlanması ərəfəsində ruslarla müharibənin hərbin vacibliyinə dair fətva verib (Mənbə: Siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Əmirovun "Vilayəti-Fəqih nəzəriyyəsinə əsasən İranın Ali dini liderinin xarici siyasət məsələlərindəki vəzifələrinə dair” məqaləsi). 

Şiə aləminin nüfuzlu ruhanilərindən bir qisminin etirazlarına baxmayaraq, Xomeyni Nərakinin nəzəriyyəsinin təkmilləşdirərək İranda İslam hökumətini bərqərar etdi və Ayətullah Məhəmməd Kazim Şəriətmədarinin timsalında bu sistemə etiraz edənləri zərərsizləşdirdi. Bu günün özündə də vilayəti-fəqih nəzəriyyəsi ilə bağlı şiə alimləri arasında fikir ayrılıqları mövcuddur. Xüsusilə, Nəcəf məktəbinin yetirmələri Vilayəti-fəqih nəzəriyyəsini qəbul etmir. Buna nümunə olaraq İraqın ən nüfuzlu ruhanilərindən olan Ayətullah Seyid Əli Sistanini göstərmək olar. İranın özündə isə əsasən Şirazi ailəsi bu nəzəriyyənin əleyhinə çıxır. 



Xameneyi necə ali rəhbər olub? 

Xomeyni dünyasını dəyişəndən sonra Ali rəhbər postuna iddialıların sayı heç də az deyildi. Lakin gözlənilmədən bu posta Xamenei sahibləndi. Halbuki Xamenei mərceyi-təqlid hesab edilmir. Onun digər mərceyi-təqlidlər kimi şəri qaydalar toplusu olan əməli risaləsi yoxdur. Bu baxımdan, onun mərceyi-təqlid hesab edilməsi doğru sayılmır. 


Haşimi Rəfsəncani

Bəs Xamenei bu posta necə yiyələnib? Almaniyada yaşayan iranlı hüquqşünas Nağı Mahmudi Qaynarinfo-ya bildirib ki, Xameneinin Ali rəhbər seçilməsində İran siyasətinin açar fiqurlarından olan, keçmiş prezident Əli Əkbər Haşimi Rəfsəncaninin müstəsna xidməti olub. "Rəfsəncani hesab edirdi ki, Xameneini bu posta təyin etdirməklə, öz maraqlarının təmin olunmasına yol açacaq. Siz bunu bir növ Putin-Medvedev oyunu kimi təsəvvür edin. O zaman Rəfsəncani bəyan elədi ki, Xomeynidən varis barədə soruşub, o isə Xameneini varisi kimi gördüyünü bildirib. Digər tərəfdən, Xomeyninin Xamenei barədə məşhur fikri var: "Xameneyini mən böyütmüşəm”. Bu baxımdan, həmin vaxt Xameneinin vəliyyi-fəqih seçilməsi o qədər də etirazla qarşılanmadı. Halbuki o, mərceyi-təqlid deyil və onun vəliyyi-fəqih olması Vilayəti-fəqih nəzəriyyəsinə ziddidr”, deyə Nağı Mahmudi bildirib. 


Nağı Mahmudi

Xameneyi öldü, yaşasın Xameneyi? 

Post-Xamenei dövrünə gəlincə, bəzi mülahizələrə görə, növbəti vəliyyi-fəqih İranın hazırki prezidenti Seyid İbrahim Rəisinin adı çəkilir. Lakin Nağı Mahmudi deyir ki, artıq Rəisinin adı arxa plana keçib. Onun fikrincə, Ali rəhbər postuna Xameneinin oğlu Seyid Müctəba Xamenei gətirilə bilər:

"Bununla bağlı hazırlıqlar gedir. Seyid Müctəba Qum hövzəsində dərslər alır. Lakin hesab edirəm ki, onun posta gətirilməsi çətin olacaq. Çünki həm hakimiyyət daxilində ziddiyyətlər dərinləşib, həm də Vilayəti-Fəqih nəzəriyyəsinə qarşı etirazlar sərtləşib”. 


Seyid Müctəba Xamenei 

İranda Vilayəti-fəqih nəzəriyyəsinə qarşı ən kəskin mövqedə dayanan Şirazi ailəsi hesab edilir. Şirazilər 3 qardaşdır: Seyid Məhəmməd Şirazi, Seyid Sadiq Şirazi və Seyid Müctəba Şirazi. Seyid Məhəmməd Şirazi dünyasını dəyişib. Seyid Sadiq Şirazi hazırda İranda yaşayır. Seyid Müctəba Şirazinin qərargahı isə Londondadır. Şirazilərlə İranın mövcud hakimiyyəti arasında ziddiyyətlər o həddədir ki, tərəflər bir-birlərinin ünvanına açıq ittihamlar səsləndirməkdən belə çəkinmirlər. Şirazilərin nəzarətində olan və peyklə yayımlanan "Fədək” telekanalında İranın indiki hakimiyyəti despotik rejim adlandırılır və Xameneinin ünvanına sərt tənqidlər səsləndirilir. Öz növbəsində Xamenei tərəfdarları Şiraziləri "ingilis şiəsi” adlandırır. Nəzərə alsaq ki, artıq Nəcəf məktəbi, eyni zamanda Müqtəda əs-Sədrin timsalında İraqdakı nüfuzlu şiə liderləri də açıq şəkildə Vilayəti-Fəqih sisteminə qarşı çıxır, o zaman post-Xamenei dövrünün elə də sakit keçəcəyini düşünmək olmaz. Nağı Mahmudi də belə düşünür.

"İddia etmirəm ki, İranda ciddi şəkildə hansısa təlatümlər olacaq, idarəetmə modeli dəyişəcək və s. Amma proseslərin sakit şəkildə cərəyan edəcəyini düşünmürəm”, - deyə Nağı Mahmudi bildirib. 

Vidadi Məmmədov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->