Xəbər lenti

Bu kiçik boyunbağı necə süni intellektə etirazın simvoluna necə çevrildi?
Texnologiya 22:57 17.11.2025

Bu kiçik boyunbağı necə süni intellektə etirazın simvoluna necə çevrildi?

Təxminən bir sikkə böyüklüyündə olan kiçik bir boyunbağı… Amma görünüşünə baxmayaraq texnologiya dünyasında böyük müzakirələrin mərkəzinə çevrilib. 

Qaynarinfo xəbər verir ki, "Friend” (Dost) adını daşıyan bu süni intellekt dəstəklı cihaz "yalnızlıqla mübarizə aparanlar üçün həll” kimi bazara təqdim olunub. Lakin qısa müddətdə süni intellektlə bağlı etik, məxfilik və insan münasibətləri mövzularında alovlanan debatların tam mərkəzinə düşüb. Cəmiyyətdə isə ən çox səslənən fikir belədir: "Süni intellekt dost ola bilməz”.

"Friend” adlı bu süni intellektli cihaz yalnızlığa qarşı mübarizədə insanlara yoldaş olmaq üçün hazırlanıb: istifadəçiləri dinləyir, məsləhətlər verir, onlarla söhbət edir və emosional dəstək göstərir.

23 yaşlı Avi Şiffmanın bu boyunbağını yaratmaq ideyası, hər kəsin özündə olduğu kimi dəstəkçi bir dost çevrəsinə sahib olmadığını görməsi ilə başlayıb. "CNN International"a müsahibəsində Şiffman belə deyib:

"Düşünürəm ki, hər kəs həyatında etdiklərini ürəkdən dəstəkləyən yaxın bir sirdaşa sahib olmağı haqq edir... Həyatımdakı ən yaxşı münasibətləri bir qabın içinə yerləşdirmək istədim".

Şiffmanın hekayəsi klassik "Silikon Vadisi formuluna” bənzəyir: O, Harvarddan ayrılıb və bir il sonra "Friend” şirkətini qurub. Amma digər startapçılar karyeralarını "Apple"ın qurucusu Stiv Cobs kimi texnologiya liderlərinə bənzədərkən, Şiffman daha çox Kurt Kobein kimi mədəni təsir yaradan sənətkarların ilham verdiyini deyir.

Cihaz ötən il viral olan tanıtım videosundan sonra məşhurlaşdı və bu yay ilk sifarişlərini alıcılara göndərməyə başlayıb.

"Friend" üçün Nyu-York metrosunda 1 milyon dollarlıq reklam lövhələri yerləşdirilib, amma bu elanların çoxu dağıdılıb və ya üzərləri qrafiti ilə örtülüb. "Süni intellekt dostunuz deyil”, "Bir qonşunla danış” və "Kompyuterlər və şirkətlər dostunuz olmaq istəmir, onlar sizin məlumatınızı və pulunuzu istəyirlər” kimi yazılar etirazın əsas məzmununu əks etdirir.

Şiffman isə geri çəkilmək əvəzinə bu tənqidləri daha da gündəmə gətirir. Sosial şəbəkələrdə üzərinə qrafiti çəkilmiş reklamları paylaşaraq müzakirəni alovlandırır. Ən gözlənilməz addımı isə ötən ay Nyu-Yorkda keçirilən "Friend" əleyhinə” etiraz aksiyasına şəxsən qatılması olub. Hətta orada "Friend"i böyük bir texnologiya şirkətinə satmayacağına dair "kontrakt” da imzalayıb.

Onun fikrincə, süni intellektin dostluq münasibətləri gələcəkdə "yeni norma” olacaq.

Şiffman indiyədək "Friend" üçün 10 milyon dollar sərmayə toplayıb və 129 dollardan təxminən 5 min cihaz satdığını deyib. O, gələn ildən etibarən cihazı pərakəndə mağazalarda da satışa çıxarmağı planlaşdırır.

Rəqəmsal asılılıq, insan münasibətlərinin zəifləməsi kimi narahatlıqlarla yanaşı, cihazın ictimai yerlərdə başqa insanların söhbətlərini icazəsiz dinləyə bilməsi məxfilik problemi yaradır.

Şiffman iddia edir ki, istifadəçi məxfiliyini qorumaq üçün cihaz şifrələnib, yazılar saxlanılmır və cihaz məhv edildikdə bütün məlumat silinir. İstifadəçilər tətbiqi söndürərək səsyazmanı dayandıra bilər. O bildirir ki, məqsədi potensial cinayət hallarında məsuliyyət daşıyacaq bir data bazası yaratmaq deyil.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->