Xalq artisti Gülyaz Məmmədova sosial şəbəkə izləyiciləri tərəfindən qınanılıb.
Qaynarinfo xəbər verir ki, buna səbəb onun alimentə görə boşanan qadınlarla bağlı səsləndirdiyi fikirlər olub.
Sənətçi çıxışında bildirib ki: "Bir uşağa 230-250 manat aliment verilsə, hər hansı bir qadın deyəcək ki, 3 uşaq doğmuşam, hərəsinə 250 manat alıram, mən rahat yaşayım, alım, saçıma, başıma, gözəlliyimə verim, bədənşəkilləndirmə edim. Elə bilirsiniz, bunlar yoxdur? Var. Azərbaycanda belə şeylər həddini aşıb".
Onun bu fikirləri sosial şəbəkədə qadınların qəzəbinə tuş gəlib.
Gülyaz Məmmədovanın bacısı, Xalq artisti Gülyanaq Məmmədova Qaynarinfo-ya açıqlamasında bildirib ki, bacısının fikirləri təhrif olunub:
"Gülyaz heç vaxt aliment istəyənləri qınamaz. Onun ümumi fikirləri var, onu qınayanlar çıxışına baxsınlar. Çıxışında uşaqlarının haqqı olanları xüsusi vurğulayıb. Analar uşaqlarının haqqını almalıdır. Görün nə qədər boşanan var. Gülyazın alimentlə bağlı fikirlərini kəsiblər, özlərinə sərf edən qaydada paylaşım ediblər. Bu mənim də başıma gəlib”.
Gülyanaq Məmmədova əlavə edib ki, hər bir vətəndaşın fikir bildirmək haqqı var:
"İstər müğənni olsun, istərsə fəhlə. Müğənni olanda nə olar ki? Gülyaz çıxışında həmin fikirləri hamıya şamil etməyib, xeyir. Aralarında gerçəkdən də elələri var ki, bu məqsədlə alimentə üz tutur. Bu mövzu elədir ki, heç kəsi nə qınaya, nə də tərifləyə bilərik. Hər kəsin bir taleyi var. Heç kim qınanılası deyil, istər aliment alan olsun, istər almayan. Hərənin bir problemi var, Gülyaz çıxışında bunların hər birinə aydınlıq gətirib. Amma neynəyək ki, özlərinə sərf edən yeri götürüb paylaşıblar. Aliment qalxan kimi qadınların boşanma sayı artır, yəqin ki, bu mövzuya toxunublar. Bizim, ümumiyyətlə, xalqla nə işimiz. Düzünü deyim ki, istəməzdim Gülyaz bu mövzu ilə bağlı açıqlama versin. Çünki geniş və həddən artıq çoxşaxəli mövzudur”.
Bahar Rüstəmli
Şərhlər