"Telegram" messencerinin təsisçisi Pavel Durov bildirib ki, Rusiya hakimiyyətinin VPN xidmətlərini bloklamağa yönəlmiş cəhdləri ölkənin ödəniş sistemində genişmiqyaslı nasazlığa səbəb olub.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" yazıb.
"Onların bloklama cəhdləri sadəcə bank sistemində böyük bir nasazlıq yaratdı", deyə Durov qeyd edib.
Məlumata görə, ödəniş sistemindəki problemlər bəzi alıcılar üçün ciddi çətinliklər yaradıb. Moskva metrosu müvəqqəti olaraq sərnişinləri turniketlərdən ödənişsiz buraxmağa məcbur qalıb, regionlardan birindəki zoopark isə ziyarətçilərə nağd puldan istifadə etməyi tövsiyə edib.
"Rəqəmsal müqavimətə geri xoş gəldiniz, mənim rus qardaşlarım və bacılarım. Bütün xalq bu absurd məhdudiyyətləri aşmaq üçün səfərbər olunur", deyə Durov əlavə edib.
1 aprel tarixində "New York Times” yazmışdı ki, Rusiyada internetin yeni kəsintiləri və bloklamaları vətəndaşları dünyadan təcrid edə və ölkədə internet üzərində Kremlin tam nəzarətini gücləndirə bilər. Daha əvvəl "Reuters" məlumat vermişdi ki, Rusiya hökumətinin VPN xidmətlərinə qarşı daha sərt məhdudiyyətlər tətbiq etməyə hazırlaşdığı bildirilmişdi. Bu xidmətlər əvvəllər senzuranı aşmaq üçün istifadə olunurdu.
Həmçinin mart ayında məlum olub ki, Rusiyada yaşayan insanlar "Google"da ölkədən necə çıxmaq barədə məlumatları kütləvi şəkildə axtarıb.
Aydın
Şərhlər