Ağ Ev 1969-cu ildən bağlı olan məşhur Alkatraz həbsxanasının yenidən fəaliyyətə qaytarılması üçün 152 milyon dollar vəsait ayrılmasını təklif edib.
Qaynarinfo xəbər verir ki, "Reuters” agentliyinin məlumatına görə, bu təşəbbüs ABŞ Prezidenti Donald Trampın ötən il səsləndirdiyi planla üst-üstə düşür.
Maliyyə sorğusu 2027-ci maliyyə ili üçün hazırlanan büdcə layihəsinə daxil edilib və Konqres tərəfindən təklif kimi nəzərdən keçiriləcək. Layihədə vəsaitin Federal Həbsxanalar Bürosuna ayrılması və Alkatrazın müasir, yüksək təhlükəsizlikli həbsxanaya çevrilməsi üçün ilkin xərclərin qarşılanması nəzərdə tutulur.
Xatırladaq ki, Tramp daha əvvəl sosial şəbəkədə verdiyi açıqlamada Həbsxanalar Bürosuna və Ədliyyə Nazirliyinə göstəriş verərək Alkatrazın genişləndirilmiş və yenidən qurulmuş formada ən təhlükəli cinayətkarların saxlanılması üçün istifadəyə verilməsini istədiyini bildirmişdi.
San-Fransisko körfəzində yerləşən qayalı adadakı bu həbsxana 1934-cü ildə fəaliyyətə başlayıb və ABŞ-ın ən təhlükəsiz cəza müəssisələrindən biri hesab olunub. Onun ada üzərində yerləşməsi, soyuq sular və güclü axınlar qaçışı demək olar ki, mümkünsüz edirdi.
Rəsmi məlumatlara görə, həbsxanadan uğurlu qaçış qeydə alınmayıb. Lakin beş məhbus "itkin düşmüş və ehtimal ki, boğulmuş” kimi qeyd olunur.
Həbsxana 1969-cu ildə yüksək istismar xərclərinə görə bağlanıb. Bildirilir ki, onun saxlanılması digər federal həbsxanalarla müqayisədə təxminən üç dəfə baha başa gəlirdi.
Alkatrazda vaxtilə Al Kapone və Ceyms Uayti Baldcer kimi tanınmış cinayətkarlar saxlanılıb.
Aydın
Şərhlər