"Bu görüşün məqsədi noyabrda ABŞ-da keçiriləcək seçkilərlə bağlıdır".
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov NATO-nun Vaşinqton sammiti çərçivəsində Azərbaycan, Ermənistan XİN rəhbərləri və ABŞ dövlət katibi arasında keçiriləcək görüşü şərh edərkən deyib.
Tofiq Zülfüqarov bildirib ki, Bayden adminstrasiyası müxtəlif xarici siyasi məsələlərdə hansısa müsbət nəticələr əldə etməklə seçicilərin rəğbətini qazanmaq istəyir:
"Bəllidir ki, mövcud vəziyyətdə Azərbaycanla Ermənistan arasında sülh məsələsində yekun nəticə əldə etmək mümkün deyil”.
Sabiq nazirin fikrincə, illərlə vaxt lazımdır ki, yekun sülh sazişi mümkün olsun:
"Ona görə də ortaya belə bir orta sənəd çıxarılıb. Azərbaycan Prezidenti də söyləyib ki, münaqişənin həlli prinsiplərini təsbit edən sənəd ortaya çıxıb. Ermənilər çalışır ki, ümumi sənəddə onlara sərf edən məsələlər əksini tapsın. Onların sevimli mövzusu Almatı deklarasiyasıdır. Guya ki, orada hansısa sərhədlər barədə mövzu mövcuddur. Azərbaycan dəfələrlə sübut edib ki, orada heç bir sərhəddən söhbət getmir. İrəvan hansısa təzyiqdən istifadə edib onu bu və ya digər şəkildə təsbit etməyə çalışır. Amma əminəm ki, Azərbaycan buna getməyəcək. Vaxtilə 5 prinsipi irəli sürən tərəf kimi Azərbaycan onların təsbit olunmasında israrlı ola bilər".
Qeyd edək ki, bu gün Vaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və ABŞ-ın dövlət katibi Entoni Blinken arasında üçtərəfli görüş olacaq. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Azərbaycan və Ermənistan XİN başçıları NATO-nun Vaşinqtonda keçirilən sammitində iştirak etmək üçün ABŞ-də səfərdədir.
Rüfət Sultan
Şərhlər