Xəbər lenti

Vaqif Heydərli:
İdman 09:25 08.01.2023

Vaqif Heydərli: "Avrokuboklarda oynayan klublarımızdan böyük transferlər gözlənilir"

Azərbaycan kimi kiçik ölkələrdə futbolun inkişafı üçün əsas şərtlərdən biri də futbolçuların xaricdə top qovmasıdır. Təbii ki, bunun üçün menecer əlaqələri də vacibdir. 

Ölkənin tanınmış menecerlərindən biri Vaqif Heydərli də məhz bu kimi çalışmaları ilə diqqət çəkir. Yerli futbolçuların xarici ölkələrdə forma geyinməsi üçün çalışan Heydərli ilə bu il bu sahədə yeniliklərin olub-olmayacağından danışdıq. 

O, Qaynarinfo-ya fikirlərini bölüşdü, eyni zamanda qış fasiləsini dəyərləndirdi. 

- Əvvəlcə qarşıdakı planlarla bağlı fikirlərinizi bildirərdiniz. Hansı yeniliklər gözlənilir?

- Artıq transfer dönəmi başlayıb. Klublar fəaliyyətini davam etdirir. Ancaq ilkin dövrdür. Bu dönəmdə araşdırmalar, təkliflər olur. Təbii ki, əvvəlcədən hazırlıqlar görmüşük. Klublara hər iki istiqamətdə oyunçular təklif etmişik. Bu dəqiqə hansısa transfer barədə fikir bildirmək çox tezdir. İrəliləyən zamanlarda yeniliklər olacaq və açıqlamaq imkanı qazanacağıq.

- Əsasən yerli futbolçuları xarici klublara təklif edirsiniz. Keçən il fəaliyyətiniz bu mənada səmərəli oldu?

- Pandemiya ilə əlaqədar ümumi transferlərdə boşluq yarandı. Bu, yerli futbolçuların xaricə getməsinə daha çox təsir etdi. Keçən il danışıqlar olsa da, işin icrası baxımından fəaliyyət olmadı. 2023-cü ildə bu istiqamətdə hərəkətlənmə olacağına ümidimiz çoxdur.

- Yerli, gənc futbolçulara hələ də maraq azdır. Bunun səbəbi nə ilə bağlı ola bilər?

- Yerli futbolçuya nə vaxt maraq çox olub ki, indi də olsun? Bu, ölkənin futbol markası ilə bağlıdır. Yerli futbolçularımıza heç vaxt maraq çox olmayıb. Biz çalışmışıq maraq yaradaq. O da bəzən alınır, bəzən yox. 

- Son vaxtlar hansı klublarımız yerli futbolçuları xaricə göndərməkdə daha çox maraq göstərir?

- Ümumi götürdükdə, klubların hər biri maraqlı olmalıdır. Amma təbii ki, klublarda strategiyalar fərqlidir. Məncə ən çox marağı olanlar "Sabah” və "Qəbələ”dir. "Qəbələ”nin akademiyası, həmişə ehtiyat qüvvəsi olub. Son dönəmlərdə "Sabah”da daha çox perspektivli gənclər olur. Bu klublarda belə futbolçular var və çalışırlar ki, yetirmələri xaricə çıxsın. 

- Bu il neçə yerli, gənc futbolçularımızdan xaricə çıxarılması planlaşdırılır?

- Bu, mənim planlaşdırmamla olmur. Potensialına inandığımız futbolçuları təklif edirik. Daha sonra əlaqələrimizi işə salaraq onları göndərməyə cəhd göstəririk. Reaksiyaları gözləyirik və buna uyğun hərəkət edirik. Ona görə də əvvəlcədən nəyi planlaşdırmaq kimi lüksümuz yoxdur. Veriləcək cavablara uyğun addım atırıq. 

- Bu qış fasilə bir qədər tez bitəcək. Belədə klublar transfer məsələlərini daha tez və effektli şəkildə həyata keçirməlidir? Başqa ölkədən futbolçu gətirmək üçün sizə müraciət edən olubmu?

- Bu iş əlbəttə ikitərəfli olur. Klublardan da müraciətlər var. Biz də futbolçu təklif edirik. Hər transfer pəncərəsində belə olur. 

- Qış fasiləsində hansısa klubdan böyük transfer gözləyə bilərik?

- Əlbəttə, hər transfer pəncərəsində gözlənilir. Xüsusən də avrokuboklarda oynayan klublarımızdan. 

Səbuhi Həsənov 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->