Xəbər lenti

Uqandalı general geri addım atdı:
Dünya 12:00 14.04.2026

Uqandalı general geri addım atdı: "Türk qardaşlarımı çox sevirəm"

Uqandanın Müdafiə Qüvvələrinin başçısı və eyni zamanda dövlət başçısı Yoveri Museveninin oğlu olan general Muhoozi Kayneruqaba son günlər sosial mediada Türkiyəyə qarşı səsləndirdiyi sərt açıqlamalarından sonra geri addım atıb.

Qaynarinfo xəbər verir ki, geniş rezonans doğuran paylaşımlarını silən Muhoozi Kayneruqaba ötən gün etdiyi başqa bir paylaşımda daha yumşaq ifadələr işlədib.

"Türkiyədəki 86 milyon qardaşımı sevirəm. Təhqirlər mənim üçün əhəmiyyət kəsb etmir. Türk xalqına Uqandadan sevgilər göndəririk", deyə general bildirib.

Bundan əvvəl sildiyi paylaşımda Muhoozi Kayneruqaba Türkiyədən 1 milyard dollar tələb edərək belə demişdi: "Əsas problem Türkiyədir! Onların özlərini toparlamasını gözlədik, lakin nəticə olmadı. Əgər problemlərimizi həll etməsələr, qarşıdakı 30 gün ərzində Türkiyə ilə bütün diplomatik münasibətləri kəsəcəyik. Hava yollarını da məhdudlaşdıracağıq".

O, həmçinin öz paylaşımında Türkiyənin "ən gözəl qadını"nı özünə həyat yoldaşı kimi istədiyini bildirərək diplomatik etikadan kənar ifadələr işlədib.

Uqandanın Birləşmiş Millətlər Təşkilatındakı nümayəndəsi Adonia Ayebare isə generalın açıqlamalarından fərqli olaraq, "türklərlə tərəfdaşlığımıza böyük dəyər veririk" deyərək gərginliyi azaltmağa çalışıb. 

Aydın

--> -->