Əlcəzairdə kamikadze hücumu baş verib. Terrorçular paytaxtdan bir neçə on kilometr aralıda yerləşən Blida şəhərinin mərkəzi polis bölməsinin yaxınlığında özlərini partladıb.
Qaynarinfo "APAnews” agentliyinə və Mərakeşin "Hespress” nəşrinə istinadən xəbər verir ki, azı bir polis əməkdaşı yaralanıb. Hadisə Roma Papası XIV Levin ölkəyə səfəri ilə üst-üstə düşüb.
Terror aktı dünən baş verib. Məlumata əsasən, iki kamikadze polis bölməsinə yaxınlaşmadan əvvəl "şəhid kəmərləri”ni işə salıblar. Növbətçi polis onları görüb və terrorçular ehtimal ki, vaxtından əvvəl partlayışı həyata keçiriblər.
Fransız diplomatik dairələrində hadisənin pontifikin səfəri ilə bağlı olduğuna şübhə edilmir. "Terrorçular "kafirlərin lideri"nin qəbuluna görə Əlcəzairi cəzalandırmaq istəyirdilər. Bu, həm də Papanı islam torpaqlarında qəbul etməyə cəsarət edən Əlcəzair prezidenti Əbdülməcid Tebbuna mesajdır", deyə Fransanın "Le Monde" qəzeti mənbəyə istinadən yazıb.
Hadisədən sonrakı bir neçə saat ərzində Əlcəzair hökumətinin terror aktı barədə məlumatı gizlətdiyi bildirilir. Fransız mətbuatına görə, pontifiki müşayiət edən şəxslər hadisədən gec xəbər tutub, Vatikanın rəsmi nümayəndələri isə şərh verməkdən imtina ediblər.
Pontifikin səfər proqramı hadisəyə baxmayaraq dəyişməyib. O, moizəsində Əlcəzair rəhbərliyini "canlı, dinamik və azad vətəndaş cəmiyyətinin formalaşmasına şərait yaratmağa” çağırıb, miqrant hüquqlarını müdafiə edib və ölkədə vətəndaş müharibəsi olan "Qara onillik”in faciəli hadisələrini xatırladıb.
Papa XIV Lev Əlcəzairə səfər edən ilk Roma Papası olub. Onun Afrika turnesi 23 aprelədək davam edəcək və Kamerun, Anqola və Ekvatorial Qvineyanı da əhatə edəcək.
Aydın
Şərhlər