Xəbər lenti

ÜST-dən xəbərdarlıq: 94 milyon insan bu səbəbdən görmə qabiliyyətini itirir
Sağlamlıq 13:12 12.02.2026

ÜST-dən xəbərdarlıq: 94 milyon insan bu səbəbdən görmə qabiliyyətini itirir

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib ki, katarakt səbəbindən görmə qabiliyyətini itirən hər iki insandan biri həyatını dəyişdirəcək əməliyyata ehtiyac duyur. Sadə 15 dəqiqəlik prosedurla görmə qabiliyyətini bərpa etmək mümkündür, lakin qlobal səylərin sürətləndirilməsi vacibdir. 

Qaynarinfo xəbər verir ki, ÜST ölkələrdən bu sahədə daha çox addım atmağı və 2030-cu il hədəflərinə çatmaq üçün sürətli irəliləyiş gözləyir.

ÜST "The Lancet" tibbi jurnalında yayımlanan katarakt xəstələri ilə bağlı araşdırmaya istinadla yazılı açıqlama verib: "Katarakt səbəbindən görmə itkisi yaşayan hər iki insandan biri həyatını dəyişdirəcək əməliyyata ehtiyac duyur".

Təşkilat ölkələrə milyonlarla katarakt xəstəsinin sadə əməliyyatlarla görmə qabiliyyətini geri qazana bilməsi üçün səylərini sürətləndirməyi tövsiyə edir. Açıqlamada bu əməliyyatların qarşısı alına bilən görmə itkisini önləmək üçün ən effektiv və sərfəli tibbi müdaxilələrdən biri olduğu vurğulanıb.

Son 20 ildə yaşlanan əhali və artan katarakt halları səbəbindən ümumi tələbin yüksəldiyi bildirilib. Katarakt əməliyyatlarının qlobal miqyasda təxminən 15% artdığı qeyd olunub. ÜST bildirir ki, ən son modellər gələcək 10 ildə katarakt əməliyyatı əhatəsinin təxminən 8,4% artacağını göstərir. ÜST-ün 2030-cu il üçün 30% artım hədəfi üçün irəliləyişin sürətlənməsi vacibdir.

Açıqlamada kataraktın göz linzasının bulanması nəticəsində görmə pozuntusuna və hətta korluğa səbəb ola bilən xəstəlik olduğu vurğulanıb: "Katarakt dünya üzrə 94 milyondan çox insanı təsir edir".

Katarakt əməliyyatının 15 dəqiqəlik sadə bir prosedur olduğu və görmə qabiliyyətinin dərhal və qalıcı şəkildə bərpa edilməsini təmin edən ən sərfəli tibbi müdaxilələrdən biri olduğu bildirilib.

ÜST-ün Qeyri-Yoluxucu Xəstəliklər və Ruh Sağlamlığı Departamentinin direktor müavini Devora Kestel bildirib: "Katarakt əməliyyatı görməni bərpa etmək və həyatları dəyişdirmək üçün ən güclü vasitələrimizdən biridir. İnsanlar görmə qabiliyyətini bərpa etdikdə, müstəqilliklərini, hörmətlərini və imkanlarını da geri qazanırlar".

Aydın
--> -->