Bir məşqçi komandanın "sükanı” arxasına gətiriləndə istədiyini həyata keçirmək üçün müəyyən möhlətə ehtiyac duyur. Təbii ki, belə olması futbolda normal haldır və dünyanın hər yerində bu yazılmamış qaydalar eynidir. Çünki məşqçi komandada 25-30 futbolçunun oyununa cavabdehlik daşıyır. Bu üzdən kollektivin başına keçdikdən sonra istədiyi futbolçuları saxlayır, üslubuna uyğun olmayanlarla yolları ayırır. Ancaq biri də var məşqçiyə zaman tanımamaq, gələn kimi nəticə və qələbələri sıralamasını istəmək. Futbolda belə hallara ən çox rast gəlinən ölkələrdən biri, bəlkə də birincisi Türkiyədir.
Qardaş ölkədə məşqçi kimi çalışmaq həqiqətən çox çətindir. Təsəvvür edin, sizi posta təyin edirlər, ardıcıl bir neçə uğursuzluq olan kimi həm azarkeşlər, həm də klub rəhbərliyi tərəfindən təzyiqlər, hətta müdaxilələr başlayır. Məşqçinin bəxti gətirib tam da yaxşı tanımadığı komanda ilə ardıcıl qələbələri sıralayarsa, xallar qazanırsa, onun fəaliyyəti hər gün "gözə soxulur”, böyüdülür, şişirdilir. Ancaq uğursuz oldusa, postu ilə vidalaşana qədər təzyiqlər davam edir. Nəticədə bəzən elə hallar yaranır ki, məşqçi təyinatından 20 gün, ya da uzağı bir-iki ay sonra istefa verib ayrılır.
Hələ oktaybr bitməyib, yəni yayda başlayan çempionatın heç ortasına gəlinməyib, amma Türkiyə Super Liqasında cari mövsümdə artıq 8 baş məşqçi istefası reallaşıb. Bunların arasında Şenol Günəş ("Beşiktaş”), Emre Belözoğlu ("Başakşəhər”), Tolunay Kafkas ("Ankaragücü”) kimi tanınmış mütəxəssislər də var.
Ancaq heç də hər şey bununla bitmir. Yəni, qarşıda yeni istefalar da gözlənilir. Məsələn, Türkiyə mətbuatında yazılanlara görə "Trabzonspor”un baş məşqçisi, xorvatiyalı Nenad Byeliça, "Konyaspor”u çalışdıran serbiyalı Aleksandar Stanoyeviç və daha bir neçə məşqçi də çamadanlarını hazırlayıb. Yaxın günlərdə Türkiyə futbolunda yeni istefa xəbərlərinə rast gələcəyimiz istisna olunmur.
Bu təkcə ölkənin əsas çempionatında şahid olduğumuz hallardır. Aşağı liqalarda isə vəziyyət daha acınacaqlıdır desək, yanılmarıq. Bəs bütün bunların səbəbi nədir? Niyə orada məşqçilərə bir çox hallarda belə hörmətsizlik göstərilir? Nə üçün tanınmış mütəxəssilər belə orada uzun müddət duruş gətirə bilmir?
Bu sualları veteran futbolçu, hazırda yığmalarımızda skaut kimi çalışan İlqar Qurbanov cavablandırıb. "Fənərbağça”nın yetirməsi, həmçinin qardaş ölkədə "Sivasspor”, "Boluspor”, "Mersin İdmanyurdu” kimi komandaların formasını geyinmiş, Superliqa təcrübəli mütəxəssis Qaynarinfo-ya açıqlamasında bunu əsasən qeyri-peşəkar idarəçilik və düzgün bağlanmayan müqavilələrlə əsaslandırıb:
"Bu ümumiyyətlə Türkiyədə neçə illərdir davam edən problemdir. Çünki orada klublar çox pis idarə olunur. Məşqçiyə az şans verilir. Məşqçi ilə anlaşandan sonra ona verilən vədlər yerinə yetirilmir. Futbolçuların maaşları ödənilmir. Onlarda oynamaq istəmədiklərini məşqçiyə çatdırırlar. Çox problemli klublar var. Hələ mən Super Liqadan danışıram. Aşağı liqalarda durum daha bərbaddır. Ancaq bu bütün klublara aid deyil. Bir il çempion oldunsa, növbəti mövsüm də nəsə etməlisən. Yoxsa, limitin azdır. Bəzi klublar var ki, prezidentlər komandanı özləri idarə edir. Hansı ki, futbol bilikləri yoxdur, amma öz düşüncələrinə görə göstərişlər verir, müdaxilələr edir. Çünki kluba pullar xərcləyirlər və tanınmış futbolçular alırlar. Bu mənada məşqçinin psixologiyası yaxşı və xarakteri güclü olmalıdır. Bəzi məşqçilər var ki, ulduz futbolçularla işləyə bilmirlər və psixoloji problemlər yaşayırlar. Guya onları "sındırmaq” istəyirlər. Bu bəzən alınmır. Məsələn, Mauro İkardiyə sən nə deyə bilərsən ki? Deməzdim hər şey futbolçuların istəyinə uyğun olur. Ancaq məşqçi ilə bağlı narazılıqlarını, onu istəmədiklərini rəhbərliyə çatdıra bilərlər. Bunlar əslində xırda problemlərdir. Əsas səbəbə klubların düzgün idarə olunmamasıdır. Məsələn, klub prezidenti gətirib futboldan başı çıxmayan dostuna vəzifə verir. O da öz qardaşını və ya hansısa qohumuna şərait yaradır. Sonra da aləm dəyir bir-birinə. Hər kəs öz dostunu, qohumunu kluba gətirmək istəyir. Peşəkarlıq azdır. Sonda hər şey idarəçiliyə gəlib çıxır”.
Maraqlıdır ki, hazırda kənarda qalanların əksəriyyəti Türkiyə və dünya səviyyəsində tanınıb, həmçinin futbolda ən yüksək məşqçi lisenziyası sayılan PRO-ya malikdirlər. Bəs onlara niyə şərait yaradılmır?
"Hazırda nəsil dəyişikliyi gedir. Artıq daha gənc məşqçilərə üstünlük verirlər. Qocalara şans yaratmırlar. Çünki futbol dəyişib. Kim daha müasirdirsə, ona üstünlük verirlər. PRO lisenziyası burada o qədər də önəmli rol oynamır. Məsələn, Nuri Şahinin PRO lisenziyası yoxdur, amma "Antalyaspor”un baş məşqçisidir. Azərbaycanda da PRO lisenziyalı bəzi məşqçilər var ki, xarakteri, danışıq qabiliyyəti yoxdur. O, komandanı necə idarə edə bilər? PRO vacib deyil. Vacib olan onun davranışı, futbolçularla ünsiyyəti, meydandan kənardakı həyatıdır. PRO ilə müvəqqəti nəsə etmək olar, uzun müddət ərzində bu qeyri-mümkündür”.
Qurbanov məşqçilərə uzun müddət şans verilməməsini həm də bu səbəblə əlaqələndirib:
"Çünki struktur məsələsi var. Orada futbola başqa cür baxırlar. Avropanı Türkiyə və ya Azərbaycanla müqayisə etməyin. Orada peşəkarlıq səviyyəsi az olan klublar barmaqla sayılacaq qədərdir. Türkiyədə azarkeşlər böyük rol oynayır. Təzyiq edirlər. Azarkeşlərin təsiri özünü göstərir. Amma Azərbaycanda azarkeşlik hələ formalaşmayıb. Sadəcə beynəlxalq oyunlarda atribunalarda çox sayda azarkeşlər görə bilirik".
Keçmiş futbolçu azarkeşlərin bu səviyyədə kluba təsir etməsini normal sayır:
"Azarkeş sənin büdcəni doldurursa, mövsümlük abunələr, formalar alırsa, həm də stadiona gəlib gözəl oyun görmək istəyir. Ancaq futbolçu oynamırsa, qaçmırsa, vuruşmursa, əlbəttə azarkeşin də söz haqqı var. Hər oyun bilet alacam, vaxtımı sərf edəcəm, ancaq sən çıxıb meydançada gəzəcəksənsə, ruhsuz oynayacaqsansa, əlbəttə, təzyiqlər olacaq”.
"Türkiyədə uzun müddət baş məşqçi kimi çalışmaq üçün nələrə diqqət yetirmək vacibdir” sualına Qurbanov belə cavab verib:
"Bu qeyri-mümkündür. Fatih Terim kimi məşqçi belə bir il işləyir, üç il işsiz qalır. Şenol Günəş iki il çalışır, sonra uzun müddət yenə kənarda qalır. Orada bəyənilmək çətindir. Həmişə uğurlu olmalısan ki, bu da qeyri-mümkündür. Ən vacib olanı klub idarəçiliyidir. Məqsəd, hədəf nədir? İdarəçilik zəif olduqdan sonra məşqçilər, futbolçular tez-tez dəyişir. Bir də baxırlar ki, klubun xeyli borcu var. Pullar ödənilmir, aylarla pulsuz qalırlar. Sonra da deyirlər ki, futbolçular niyə oynamır. Həm aşağı, həm yüksək liqalarda oynamışam, çox şeylər görmüşəm. Hər işdə idarəçilik, intizam vacibdir. İşi bilənlər, hədəfi olanlar çalışmlıdır. Pulu yeyim, dağıdım, sonra da çıxıb gedim - bu düzgün deyil”.
Qurbanov Azərbaycan futbolunda belə problemlər olmasa da, büdcənin azlığını və bununla nələrsə etməyin çətin başa gəldiyini deyib:
"Belə baxanda bizdə pul problemi yoxdur, maaşlar vaxtında verilir. Sadəcə, büdcələr azdır. Bu səbəbdən nəsə gözləmək çətindir. Azərbaycan daxilində nəsə gözləyə bilərik, amma kənarda… Belə vəziyyətdə "Qarabağ” Azərbaycanı beynəlxalq arenalarda layiqincə təmsil edir ki, bu da möcüzədir, möcüzə. Hər il qrupda oynamaq və tənqid olunmaq çox gülməlidir (gülür). Belə insanlar ya futbolu bilmirlər, ya da qərəzləri var. Hansısa oyununa görə, tənqid edə bilərsən, amma ümumilikdə… "Qarabağ” olmasa nə edərlər? Digər klublar Andorra, Malta kimi ölkələrin təmsilçiləri ilə oynayıb bir mərhələ keçirlər, elə bilirlər ki, hər şey yaxşıdır. Struktur, bünövrə vacibdir. Bunsuz çox çətindir”.
Səbuhi Həsənov
Şərhlər