Xəbər lenti

Trampın Yaxın Şərq mesajı: Kim üçün
Dünya 15:07 03.12.2024

Trampın Yaxın Şərq mesajı: Kim üçün "cəhənnəm əzabı" vəd edir? (ŞƏRH)

"2025-ci ilin yanvarın 20-ə qədər israilli girovların azad ediləcəyinə inanmıram. Yaxın Şərqdə münaqişənin Trampın dövründə daha kəskin şəkildə davam edəcəyi daha realdır".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev ABŞ-ın seçilmiş prezidenti Donald Trampın Yaxın Şərqdə girovların azad edilməsilə bağlı xəbərdarlıq mesajını şərh edərkən deyib.

Taleh Əliyev bildirib ki, Trampın HƏMAS-ın əsirliyində olan girovlarla bağlı verdiyi mesaj yanvarın 20-dən sonra Yaxın Şərq ölkələri üçün heç də yaxşı gələcək vəd etmir:

"Tramp andiçmə mərasiminə qədər Qəzza bölgəsində əsir götürülən israilli əsirlər azad edilməsə, həm Yaxın Şərqi, həm də bu cinayətdə rolu olan təşkilat və dövlətləri cəhənnəm əzabı gözləyəcəyini deyib. Trampın hakimiyyəti dövründə dünyada gərginlik mərkəzi Yaxın və Uzaq Şərq bölgəsi olacaq".
 


Ekspert hesab edir ki, Trampın hakimiyyətə gəlişindən sonra dünyadakı gərginliyin ağırlıq mərkəzinin Rusiya-Ukrayna cəbhəsindən Yaxın və Uzaq Şərqə keçəcəyilə bağlı müxtəlif rəylər eşitmişik.
 
"Baxmayaraq ki, İsraillə "Hizbullah" arasında atəşkəs razılaşması oldu və bu bəzilərində Yaxın Şərqdə münaqişənin sonlanacağı anlamına gəlirdi. Amma görünən odur ki, Trampın hakimiyyəti dünya miqyasında hərbi gərginliyi azaltmayacaq. Olsa-olsa Rusiya-Ukrayna münaqişəsində proses dondurulacaq. Əvəzində isə Yaxın və Uzaq Şərqdə gərginlik artacaq. Trampın girovlarla bağlı verdiyi bəyanat da təkcə HƏMAS-ı deyil, onunla yanaşı qruplaşmaya dəstək verən təşkilat və dövlətləri də təhdid altına alır. Bu baxımdan, 2025-ci il Yaxın Şərq üçün o qədər də rəvan il olmayacaq. 2025-ci ilin yanvarın 20-ə qədər israilli girovların hamısının azad ediləcəyi qənaətində deyiləm. Ona görə də münaqişənin Trampın mesajında qeyd etdiyi istiqamətində genişlənməsi ehtimalı daha böyükdür".

Qeyd edək ki, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Yaxın Şərqdə girovların azad edilməsinə dair xəbərdarlıq edib. Tramp bu barədə  "Truth" hesabında müraciət ünvanlayıb. O qeyd edib ki, girovlar onun rəsmi olaraq vəzifəyə başlamasından əvvəl azad edilməsələr, bu işdə məsul olanlar "cəhənnəm əzabı" çəkəcəklər. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->