Xəbər lenti

Yekaterinburqda baş verənlər Rusiyanın şovinist davranışının sübutudur (ŞƏRH)
Siyasət 13:39 01.07.2025

Yekaterinburqda baş verənlər Rusiyanın şovinist davranışının sübutudur (ŞƏRH)

Təyyarə olayından sonra Yekaterinburqda baş verənlər Rusiyanın hüquq-mühafizə orqanlarının irqçi, şovinist davranışının sübutudur.

Bunu Trend-ə açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib.

Onun sözlərinə görə, mülki insanların elə öz evlərindəcə güc orqanları tərəfindən amansızcasına qətlə yetirilməsi Rusiyanın hüquq anlayışından imtina etdiyini göstərir:

"Yekaterinburqda Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən azərbaycanlıların ailəsinə edilən hücum və bu hücum zamanı hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərməyən şəxslərin amansızcasına qətlə yetirilməsi Rusiya dövləti adına böyük utanc, hüquqi dövlət anlayışı adına rüsvayçılıqdır. Nəinki müasir dünyamızda, hətta Stalin dönəmində belə insanların məhkəməsiz şəkildə, doğmalarının gözləri önündə güllələnməsi baş verməyib. Lakin bu gün biz müasir Rusiyanın timsalında bu cür biabırçı və antihumanist hallara rast gəlirik ki, bu da təəssüf və ikrah doğurur. Baş verənlər Rusiyanın etniklərə qarşı aqressiv, şovinist siyasətinin göstəricisidir və bütün hallarda qəbuledilməzdir”.

Cəlil Xəlilov vurğulayıb ki, İran-İsrail müharibəsi zamanı Azərbaycan dövləti İrandakı Rusiya vətəndaşlarına böyük köməkliklər edir, onların həyatını xilas edir, Kremlin isə bunun qarşılığında Rusiyadakı azərbaycanlılara divan tutur:

"İran-İsrail müharibəsi zamanı İran ərazisində müdafiəsiz qalan, ciddi təhlükə altında qalan onlarla Rusiya vətəndaşı Azərbaycan dövlətinin himayəsi və iştirakı ilə ölkəmizə gətirildi və buradan Rusiyaya yola salındı. Həmin vaxt Rusiyanın əlaqədar dövlət qurumları dəfələrlə Azərbaycana öz təşəkkürlərini bildirdilər. Lakin bu hadisənin üstündən qısa zaman sonra Yekaterinburqda azərbaycanlıların kütləvi şəkildə zorakılığa məruz qalması, rəsmi Kremlin minnətdarlıq hissinin ötəri olduğunu, ona edilən yaxşılığı nankorluqla cavab verdiyini göstərdi. İranda Rusiya vətəndaşlarını ölümdən xilas etdiyimiz halda, Rusiyada azərbaycanlılar güc orqanları tərəfindən nümayişkaranə şəkildə qətlə yetirildi”.

O qeyd edib ki, ötən ilin təyyarə olayından sonra Rusiyanın azərbaycanlılar əleyhinə yeni, ölümcül bir addıma imza atması Kremlin məqsədli siyasətindən xəbər verir:

"25 dekabr 2024-cü il tarixində AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən "Embraer” tipli təyyarənin Rusiya səmasında vurulması və Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması ilə bağlı hadisənin üstündən bir neçə ay ötsə də, Rusiya tərəfi hələ də müqəssirlərin müəyyən edilməsi və cəzalandırılması istiqamətində konkret addımlar atmayıb. Təyyarə olayının ardınca 27 iyun 2025-ci il tarixində Yekaterinburqda polis basqını zamanı heç bir müqavimət göstərməyən 2 azərbaycanlının qətlə yetirilməsi, xeyli sayda soydaşımızın həbs edilməsi və amansız işgəncələrə məruz qalması Kremlin qonşu xalqlara, eləcə də miqrantlara qarşı xoş olmayan niyyətindən xəbər verir. Hesab edirəm ki, Rusiya hakimiyyəti, bu dövlətin əlaqədar instansiyaları Yekaterinburq olayı ilə bağlı obyektiv araşdırma aparmalı, azərbaycanlılara qarşı lüzumsuz zorakılıq və şiddət sərgiləyən, onları qətlə yetirən şəxslərin cəzalandırılmasını təmin etməlidir. Əks halda, bu olay Azərbaycan-Rusiya münasibətlərinin bu gününə və gələcəyinə mənfi mənada təsir göstərməkdə davam edəcək, Kremlin səmimiyyətinə olan inamı ortadan qaldıracaq”.

"Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal isə Trend-ə bildirib ki, Rusiya xüsusi təyinatlılarının Yekaterinburqda azərbaycanlı ailələrə qarşı zorakılıqla və qətliamla müşayiət olunan hücumu sistemli kampaniyanın bir mərhələsidir:

"Buna qədər artıq Rusiya tərəfindən iki dövlət arasında müttəfiqlik münasibətlərinə xələl gətirən ardıcıl addımlar atılmışdı. Rusiyanın son dövrlərdə Azərbaycana yönəlik siyasəti həm ikitərəfli münasibətlərə, həm də müttəfiqlik anlaşmasına ziddir. Eyni zamanda, dinc, mülki insanlara qarşı zorakılıqlar beynəlxalq öhdəliklərin ayaq altına atılımasıdır".

Onun sözlərinə görə, bu gün Azərbaycan cəmiyyəti, eyni zamanda, qeyri-hökumət təşkilatları, Rusiyanın Yekaterinburqda azərbaycanlılara qarşı etnik zəmində həyata keçirdiyi vandalizm aktına qarşı öz hiddətini müxtəlif formalarda ifadə edir:

"Hesab edirəm ki, Rusiya tərəfindən bu qətliamın və zorakılıqların əmrini verənlər, onu icra edənlər cəzalandırılmayana, bu istiqamətdə lazımi addımlar atılmayana qədər bu təpkilər davam etdirilməlidir. Azərbaycan dövləti, hüquq-müdafiə təşkilatları baş vermiş bu zorakılıq aktını beynəlxalq hüquq müstəvisinə daşımalıdır.

Rusiyada yaşayan soydaşlarımızın təkrar, oxşar hallarla qarşılaşmaması üçün təsirli tədbirlərin davam etdirilməsinə ehtiyac var. Ümid edirəm ki, bu məsələlərdə Azərbaycanın ictimai sektoru aktiv rolu ilə seçiləcək".

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->