ABŞ Prezidenti Donald Trampın administrasiyası ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən verilən xarici qrantların 90%-dən çoxunun ləğv edildiyini elan edib.
Qaynarinfo xəbər verir ki, bu barədə CNN məlumat
yayıb.
Tramp administrasiyasının qərarına əsasən, USAID-in 6200 uzunmüddətli müqaviləsindən 5800-ü ləğv ediləcək ki, bu da 54 milyard dollarlıq azalma deməkdir. Bundan əlavə, Dövlət Departamentinin 9100 qrantından 4100-ü ləğv olunacaq, nəticədə 4,4 milyard dollar qənaət ediləcək. Ümumilikdə ABŞ-ın xarici dövlətlərə maliyyə yardımı 60 milyard dollar azaldılacaq.
Dövlət Departamenti bildirib ki, dövlət katibi Marko Rubio hər bir qərarı ayrıca nəzərdən keçirərək, ya onun qüvvədə qalmasını, ya da milli maraqlara və ABŞ-ın xarici siyasətinə uyğun olmadığı halda ləğvini təsdiqləyib.
CNN-in qeyd etdiyi kimi, xarici qrantların kəskin azaldılması qeyri-kommersiya təşkilatlarının və podratçıların fəaliyyətinə ciddi zərbə vurur. Dünyanın müxtəlif yerlərində yardım proqramları maliyyənin genişmiqyaslı dondurulması və milyardlarla dolların yenidən nəzərdən keçirilməsi səbəbindən dayandırılıb.
ABŞ-ın Ukraynaya yardımı
Bundan əvvəl Politico xəbər vermişdi ki, ABŞ Dövlət Departamenti Ukraynaya yardımın dondurulması tədbirlərindən əlavə istisnalar siyahısı hazırlayır.
Bu istisnalar Ukraynaya iqtisadi dəstək, minalardan təmizləmə, narkotiklərlə mübarizə və səhiyyə proqramlarını, həmçinin demokratik institutların və vətəndaş cəmiyyətinin dəstəklənməsi üçün maliyyə ayrılmasını əhatə edir.
Alpər
Şərhlər