ABŞ prezidenti Donald Tramp cümə günü keçirilən gərgin görüş zamanı Ukrayna prezidenti Vladimir Zelenskiyə təzyiq göstərərək Rusiyaya bir sıra əraziləri güzəştə getməyi tələb edib.
Qaynarinfo "Reuters”ə istinadla yazır ki, müzakirələrin gedişatından xəbərdar olan iki mənbənin sözlərinə görə, danışıqlar Ukrayna nümayəndə heyətində məyusluq
yaradıb.
Nəşrin qeyd etdiyinə görə, cümə günü baş tutan görüş Trampın yenidən mümkün qədər tez bir razılaşmaya nail olmağa çalışdığını göstərir — hətta bu, Kiyev üçün əlverişsiz şərtlərlə olsa belə.
"Bütün bunlar olduqca pis idi, — deyə mənbələrdən biri görüş barədə bildirib. - Mesaj belə idi: "Ölkəniz, əgər Ukrayna Rusiya ilə razılaşma imzalamasa donacaq və məhv ediləcək””.
Digər mənbə Trampın Ukraynanın "məhv ediləcəyi” barədə dediyi sözləri təkzib etsə də, hər iki mənbə Trampın söhbət zamanı bir neçə dəfə nalayiq ifadələr işlətdiyini vurğulayıb.
Bundan əvvəl Putin belə bir ərazi mübadiləsi təklifi irəli sürmüşdü: Ukrayna Donetsk və Luqansk vilayətlərini Rusiyaya verər, əvəzində isə Zaporojye və Xerson vilayətlərinin kiçik hissələrini alardı. Mənbələrdən birinin sözlərinə görə, ABŞ rəsmiləri cümə günü Zelenskiyə məhz bu cür mübadilə planını təklif ediblər.
Mənbələrin məlumatına əsasən, ABŞ-ın xüsusi nümayəndəsi Stiv Vitkof ukraynalıların Rusiya təklifinə razılıq verməsi üçün ən israrlı çağırış edənlərdən biri olub. O, arqument kimi Donetsk və Luqanskda çoxsaylı rusdilli əhalinin yaşadığını göstərib.
Eyni zamanda nəşrə danışan mənbələrdən biri bildirib ki, Zelenski Moskvaya könüllü şəkildə heç bir ərazini güzəştə getməyəcəyini bəyan etdikdən sonra Tramp cəbhə xətti boyunca atəşkəs təklifi irəli sürüb.
"Mənbənin sözlərinə görə, görüş Trampın "mövcud vəziyyət üzrə, yəni təmas xətti boyunca razılaşma bağlamaq” qərarı ilə başa çatıb”.
Jurnalistlərin suallarını cavablandıran Tramp bildirib ki, o, Vladimir Zelenski ilə heç vaxt Donbasın Rusiyaya verilməsini müzakirə etməyib. Bununla belə, o, Donbasın "indiki kimi bölünmüş vəziyyətdə qalmalı” olduğunu deyib.
"Qoy hər şey indiki kimi bölünmüş qalsın. Hazırda bu bölgə bölünüb. Düşünürəm ki, ərazinin 78%-i artıq Rusiya tərəfindən tutulub. Qoy hər şey belə qalsın. Onlar... sonradan nəsə barədə razılaşa bilərlər”, — deyə Tramp bildirib.
Alpər
Şərhlər