Xəbər lenti

Tramp FIFA-dan xahiş etdi: DÇ-2026-da İranı İtaliya əvəzləsin
İdman 13:35 23.04.2026

Tramp FIFA-dan xahiş etdi: DÇ-2026-da İranı İtaliya əvəzləsin

ABŞ prezidenti Donald Trampın nümayəndəsi Beynəlxalq Futbol Federasiyasına (FIFA) müraciət edərək İran milli komandasının 2026-cı il dünya çempionatında İtaliya ilə əvəz olunmasını xahiş edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian” yazır.

Məlumata görə, bu təşəbbüs Trampın İtaliyanın baş naziri Corcia Meloni ilə münasibətlərini bərpa etmək cəhdi kimi qiymətləndirilir. İddialara əsasən, gərginlik ABŞ prezidenti ilə Roma Papası arasında yaşanan qalmaqal fonunda yaranıb.

ABŞ-ın xüsusi nümayəndəsi Paolo Dzampolli bildirib ki, FIFA prezidenti Canni İnfantinoya İranın turnirdən çıxarılaraq İtaliyanın yerinə daxil edilməsini təklif edib.

"İtaliyada doğulmuşam və "Skuadra adzurra"nı ABŞ-da keçiriləcək dünya çempionatında görmək mənim üçün arzu olardı. Dörd dünya çempionluğu olan bu komanda turnirdə iştirak etməyə layiqdir”, deyə o qeyd edib.

İtaliya yığması gözlənilməz məğlubiyyətdən sonra 2026-cı il dünya çempionatına vəsiqə qazana bilməyib. Komanda Bosniya və Herseqovinaya penaltilər seriyasında 4:1 hesabı ilə uduzub.

Bunun əksinə olaraq, İran Asiya seçmə mərhələsi vasitəsilə turnirdə iştirak hüququ qazanıb. Tehran ABŞ-ın da ev sahiblərindən biri olmasına baxmayaraq, iştirak ərizəsini geri çəkməyib. İran tərəfi isə bildirib ki, idmançıların təhlükəsizliyi təmin olunarsa, turnirdə iştirak etməyə hazırdır.

Aydın
--> -->