Xəbər lenti

Cənubi Koreyada qırıcı təyyarələr pilotların əyləncəsi səbəbilə toqquşub: Onlar nə edib?
Dünya 13:56 23.04.2026

Cənubi Koreyada qırıcı təyyarələr pilotların əyləncəsi səbəbilə toqquşub: Onlar nə edib?

Cənubi Koreyada F-15K tipli iki qırıcı təyyarənin təlim uçuşu zamanı toqquşmasının səbəbi müəyyən edilib – pilotların havada selfi çəkməsi və video qeydləri aparması. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Independent” yazır.

Qəza 2021-ci ilin dekabrında Tequ şəhəri yaxınlığında baş verib. Pilotlar xəsarət almayıb, lakin hər iki təyyarə zədələnib. Təmirin dəyəri təxminən 880 milyon vona (təxminən 550 min dollar) çatıb.

İstintaqın məlumatına görə, pilotlardan biri bölmədəki son uçuşunu xatirə fotosu ilə yadda saxlamaq istəyib. Bazaya qayıdış zamanı digər pilot da öz təyyarəsindən foto çəkməyə başlayıb, daha sonra isə ekipajlardan biri video çəkməyi xahiş edib.

Kadr üçün qırıcı təyyarələrdən biri kəskin manevr edərək yuxarı qalxma və çevrilmə hərəkəti edib. Bu isə təyyarələr arasındakı məsafəni kritik dərəcədə azaldıb. Toqquşmadan yayınmaq üçün hər iki pilot əks manevrlər etsə də, bu, kontaktın qarşısını ala bilməyib: bir təyyarənin qanadı digərinin quyruq hissəsinə dəyib.

Hadisədən sonra pilotlardan biri xidmətdən uzaqlaşdırılıb. Ona təmir xərclərinin tam məbləği üzrə cərimə tətbiq edilib, lakin apellyasiyadan sonra cəza 90 faiz azaldılaraq təxminən 88 milyon vona endirilib.

Eyni zamanda, audit nəticələrində uçuş zamanı foto və video çəkmənin uzun müddətdir nəzarətsiz qalan geniş yayılmış praktikası olduğu qeyd edilib.

Hərbi Hava Qüvvələri hadisəyə görə üzr istəyib və oxşar insidentlərin qarşısını almaq üçün uçuş təhlükəsizliyi qaydalarının sərtləşdirildiyini açıqlayıb.

Aydın
--> -->