2024-cü il texnologiya nəhəngləri üçün süni intellekt və avadanlıq yenilikləri ilə yadda qaldı. Görünən odur ki, 2025-ci ildə də bu trend davam edəcək. Şirkətlər il ərzində maraqlı məhsul təqdimatları ilə yadda qalıb və qarşıdan gələn yeniliklər də böyük maraq doğurur.
Qaynarinfo xəbər verir ki, "Business Insider" bununla bağlı yazı dərc edib. Yazının maraqlı hissələrinin təqdim edir:
"Meta"
"Meta" korparasiyası "Ray-Ban" ağıllı eynəklərinə ekran əlavə etməyi planlaşdırır. Yeni ekranlı eynəklərin 2025-ci ilin ikinci yarısında təqdim ediləcəyi gözlənilir. Bu eynəklər istifadəçilərə bildirişlər və "Meta"nın süni intellekt əsaslı söhbət robotunun cavablarını göstərəcək.
"Meta"nın baş texnologiya direktoru Endryu Bozvort bildirib ki, 2025-ci ildə istifadəçilərə yalnız cavab verən deyil, eyni zamanda gündəlik həyatda kömək edə bilən fərdiləşdirilmiş süni intellekt köməkçiləri təqdim olunacaq.
Bozvort qeyd edib: "2025-ci il üçün məni ən çox həyəcanlandıran süni intellekt köməkçilərinin təkamülüdür".
"Apple"
"Apple" daha "şəxsi" bir süni intellekt (Siri) təqdim etməyi planlaşdırır. Yeni "Siri"nin 2025-ci ildə böyük dil modeli dəstəyi ilə təqdim olunacağı gözlənilir.
"Bloomberg"in məlumatına görə, "Apple" gələn ilin mart ayında ağıllı ev məhsulları təqdim edə bilər. Bu məhsullar arasında divara quraşdırılmış "iPad"ə bənzər cihazlar da ola bilər.
"Apple" həmçinin incə bir "iPhone Air" modelini və büdcəyə uyğun yeni "iPhone SE" təqdim etməyi planlaşdırır. Yeni "iPhone SE" modeli "Home" düyməsiz və "Apple Intelligence" dəstəkli olacaq.
"OpenAI"
"OpenAI" təxminən 1,5 ildir ki, GPT-5 üzərində işləyir. Bununla belə, yeni əsas dil modelinin təxirə salındığı da məlumdur. Yeni modelin nə vaxt satışa çıxarılacağı məlum deyil, ancaq gələn il ərzində görəcəyimiz istisna deyil.
Yeni modelin GPT-4-ün gücünü aşan təsir edici imkanlara malik olacağı gözlənilir. Çoxmərhələli tapşırıqları yerinə yetirmək, həmçinin audio, video və mətnlə işləmək mümkündür. Bununla belə, daha çox mətn daxiletməsi qəbul edərək uzun mətnləri emal etmək qabiliyyətinə sahib olacağı da düşünülür.
"Tesla"
"Tesla"nın sürücüsüz taksi layihəsi "Cybercab" üçün genişmiqyaslı istehsalın 2026-cı ildə başlaması gözlənilir. Lakin İlon Mask 2025-ci ilin ilk yarısında daha iqtisadi elektrikli avtomobil modellərinin istehsalına başlanacağını bildirib.
Mask həmçinin "Tesla"nın insanabənzər robotları 2025-ci ildə daxili istifadədə məhdud sayda istehsal edəcəyini və 2026-cı ildə genişmiqyaslı istehsala başlayacağını qeyd edib.
"Google"
"Google" "Samsung" və "Qualcomm" ilə əməkdaşlıq edərək "Android XR" adlı genişlənmiş reallıq platformasını təqdim etməyə hazırlaşır. "Project Moohan" adlı ilk cihazın 2025-ci ildə istifadəyə veriləcəyi gözlənilir.
Bu cihaz "Gemini" süni intellekti ilə təchiz olunacaq və istifadəçilərə cihazın idarəsi, planlama və məlumat araşdırması üçün kömək edəcək.
"Google"un "Project Astra" kimi tədqiqat layihələri üzərində də işlədiyi, lakin bu texnologiyaların son istifadəçiyə nə vaxt təqdim olunacağı barədə məlumat verilmədiyi qeyd edilir.
Aydın
Şərhlər