Xəbər lenti

Amal Abuşov
İdman 09:33 18.09.2024

"Sumqayıt"ın yeni baş məşqçisi kim olacaq?

Bəli, sərlöhvədəki sual sizi təəccübləndirməsin. Artıq hər şey ona doğru gedir ki, Samir Abasov tezliklə "gənclik şəhəri”nin təmsilçisindən ayrılacaq. Bundan sonra onu yeni məcaralar gözləyir.

Futboldan anlayanlar istənilən məşqçinin, yaxud da futbolçunun gücünə məhz avrokuboklardakı nəticələrinə görə qiymət verir. Azərbaycan çempionatının öz reallıqları var. Həmin reallıqların bir çoxu da Abasovun xeyrinə olub. Samir bəy "Neftçi”də çalışanda hakimlər gizli-aşkar onun komandasına dəstək verirdilər. Elə "Qarabağ”la finala bərabər oyunda Elçin Məsiyevin hansı hoqqalar çıxardığını hamımız xatırlayırıq. Necə ki, ötən mövsüm həmin Məsiyev və onun kimilər "Sumqayıt”ın avrokuboklara vəsiqə qazanması üçün əllərindən, fitlərindən gələn hər şeyi etdilər. Bununla da Samir Abasov "Neftçi”dən sonra "Sumqayıt”da da nəticə verməyi bacaran məşqçi təqdim edildi.

Sonrası necə oldu? "Neftçi” Çempionlar Liqasında üzüaşağı UEFA Konfrans Liqasına qədər uduza-uduza gəldi. "Sumqayıt” da bu mövsüm qatıldığı Konfrans Liqasının elə ilk turundaca avrokuboklarla vidalaşmalı oldu. Rəqib də ortabab Macarıstanın zəif, bu yay əsas oyunçularını və baş məşqçisini itirən "Fehervar” klubu idi. Bu nəticələr onu göstərdi ki, Samir Abasov daxili çempionatda hər nə qədər özünü yaxşı tərəfdən göstərsə də, avrokuboklarda Azərbaycanı normal şəkildə təmsil edəcək məşqçilik məharətinə sahib deyil.

Bilirəm ki, Abasovun tərəfdarları var və onlar elə düşünürlər ki, "Sumqayıt”ın prezidenti Riad Rəfiyev komandaya yaxşı transferlər etsəydi, nəticələr başqa cür olardı. Amma şəxsən mənim üçün bu cür düşüncə tərzi özünü aldatmaqdır. Klub prezidenti transfer etmir, sən də ötən mövsüm əsas heyət üzvü sayılan, avrokuboklara vəsiqə qazanılmasında əvəzsiz rol oynayanları bir-bir yola salırsan. Bir baş məşqçinin sözü onun çalışdırdığı klubda keçmirsə, həmin mütəxəssis niyə orda qalır? Sənin sərəncamına normal futbolçular verilmirsə, istədiyin futbolçular heyətdə saxlanılmırsa kimlə çalışacaqsan, hansı uğuru qazanacaqsan? Sırf alacağın maaşın xətrinə həmin yerdə qalmaq özünə hörmətsizlikdən başqa bir şey deyil. İnanmaq istəmirəm ki, Riad Rəfiyev Samir Abasovla məhz bu cür davranıb, o da bütün baş verənlərə susub.

Avrokuboklardakı uğursuzluqlardan sonra "Sumqayıt” üçün mövsüm də uğursuz başlayıb. "Kəpəz”lə "Səbail”i üstələyən "Sumqayıt” 6 turda dörd dəfə uduzmağa macal tapıb. Özü də bu məğlubiyyətlərin üçü ardıcıl yaşanıb. Yəni ki, "Sumqayıt” Samir Abasovun rəhbərliyi altında üç oyundur ki, meydanı xalsız tərk edir. Hər dəfəsində də Samir bəy məğlubiyyətə çeşidli səbəblər gətirir, dağdan-arandan bəhanə axtarır. Onun bu məğlubiyyətlərə üzüldüyü, həmin məğlubiyyətlərin səbəbini araşdırıb, nəticə çıxarmağa çalışdığı da hiss edilmir. Sanki hər şey elə bu cür də olmalıymış. Bu da səbəbsiz deyil. Ciddi mənbələrin əldə etdiyimi məlumata görə Samir Abasov "Sumqayıt”da gün sayır. Onu gözü "Neftçi”dədir, Roman Qriqorçuk paytaxt klubundan ayrılan kimi yeni bir dönəm başlayacaq.

"Neftçi”də onun gəlişinə hazırlıq görənlər var. Ölkənin ən zəngin klublarından birinin qələbəyə həsrət qalmasının da əsas səbəblərindən biri budur. Müəyyən qüvvələr Roman Qriqorçukun əsas günahkar elan olunmasında, sonra da istefaya göndərilməsində maraqlıdır. Onun yaşananlardan bezib istefa verməsi, boşalan kürsüyə isə Samir Abasovun əyləşdirilməsi gözlənilir. Çox təəssüf ki, bu iyrənc oyunda şəxsiyyətinə hörmət bəslədiyimiz "Neftçi”li futbolçular da iştirak edir. Proses artıq start götürüb, məkrli planı yazanlar onu sona çatdırmaqda israrlıdırlar. Atalarımız da bu yerdə "hayla gələn vayla gedər” deyiblər. Məsəli uzaq olsun...

Amal Abuşov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->