ABŞ, İsrail və İran arasında gedən müharibənin davam etdiyi bir vaxtda qlobal gündəmdə əsas müzakirə mövzularından biri isə Hörmüz boğazının bağlanmasının iqtisadiyyata təsiridir.
Qaynarinfo xəbər verir ki, belə bir dövürdə isə dünya liderləri ard-arda xalqa müraciət edir.
Böyük Britaniyanın Baş naziri Kir Starmer və Avstraliyanın Baş naziri Entoni Albanese çıxışlarında enerji bazarlarında baş verən dalğalanmalara və mümkün risklərə xüsusi diqqət ayırıblar.
"Bu bizim müharibəmiz deyil”
Baş nazir Starmer Londonda yerləşən Baş nazirliyin iqamətgahında keçirdiyi mətbuat konfransında ABŞ və İsrailin İrana hücumları ilə başlayan, daha sonra isə Hörmüz boğazının bağlanması ilə dərinləşən prosesin nəticələrini dəyərləndirib.
O bildirib ki, müharibə artıq neft və ümumilikdə yanacaq qiymətlərində ciddi artıma səbəb olub:
"Bu fırtına nə qədər güclü olsa da, biz onu aşmaq üçün mövqeyimiz güclüdür. Bu prosesdən daha güclü və təhlükəsiz bir ölkə kimi çıxacağıq. Uzunmüddətli planlarımız mövcuddur”.
Starmer həmçinin vurğulayıb ki, ölkədə artan yaşayış xərclərinin azaldılması üçün ən effektiv yol Yaxın Şərqdə gərginliyin azaldılmasıdır.
Böyük Britaniyanın müharibədə tutacağı mövqe ilə bağlı suallara cavab verən baş nazir qeyd edib:
"İngiltərənin maraqlarına uyğun hərəkət edəcəyəm. Bu bizim müharibəmiz deyil. Eyni zamanda müdafiə, təhlükəsizlik və iqtisadi gələcəyimiz üçün Avropa ilə daha sıx əməkdaşlıq etməliyik”.
O, yaxın həftələrdə Avropa İttifaqı ilə yüksək səviyyəli sammitin keçiriləcəyini də açıqlayıb.
Avstraliyadan enerji xəbərdarlığı
Avstraliyanın Baş naziri Albanese isə müharibənin enerji təchizatına təsirləri ilə bağlı ciddi xəbərdarlıqlar edib. Onun sözlərinə görə, Hörmüz boğazı ətrafında baş verən hadisələr qlobal tədarük zəncirində problemlər yaradıb.
Baş nazir bildirib ki, ölkədə yanacaq təminatında çətinliklər müşahidə olunur və bu vəziyyətə qarşı vətəndaşlar da məsuliyyətli davranmalıdır:
"Yanacaq təchizat zəncirində problemlər yaşayırıq. İşə gedərkən qatar, avtobus və ya tramvaydan istifadə edin. Yanacaq sərfiyyatını minimuma endirmək milli vəzifədir”.
Mütəxəssislər hesab edir ki, Hörmüz boğazındakı gərginliyin azalmaması qlobal enerji bazarlarında qiymət artımını davam etdirə və bir çox ölkələrdə inflyasiya təzyiqini gücləndirə bilər.
Günay
Şərhlər