"Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri ittifaq üzvləri tərəfindən seçilir".
Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib.
Onun sözlərinə görə, sədrin ittifaqın İdarə Heyəti tərəfindən seçilməsi nizamnaməyə ziddir:
"İttifaqın 200 nəfərdən çox üzvü var. İdarə Heyəti də üzvlər tərəfindən seçilir. Bu, özbaşınalıq deyil. Sədr, İdarə Heyəti və müavinlər ittifaqın bütün üzvləri tərəfindən seçilməlidir. Sədrin İdarə Heyəti tərəfindən seçilməsini istəyənlər bunu ancaq xəyallarında görə bilər. Onların arzusu ittifaqı sexə çevirmək, oranı özləri üçün obyektə döndərməkdir. İdarə Heyəti kimdir ki, sədr seçsin?".
Şeyx Əbdül Mahmudbəyov qurultayın may ayında keçiriləcəyini vurğulayıb:
"İttifaq ictimai təşkilatdır. Orada sədr, müavinlər və İdarə Heyəti səsvermə yolu ilə seçilir. Qurultayda İdarə Heyəti də dəyişəcək. Bu sayda İdarə Heyəti ola bilməz. İdarə Heyəti 5-6 nəfərdən ibarət olmalıdır. Hazırda İdarə Heyətində 40-a yaxın adam yer alır. Bu qədər üzv kimə lazımdır? O vaxt bu heyət təsadüfən seçilib. Konfransın bir məqsədi var idi - iki ittifaqı birləşdirmək. Ona görə də etiraz etmədik. Amma indi belə olmayacaq, hər şey qanun çərçivəsində olmalıdır".
Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev martın 29-da Türkiyənin İstanbul şəhərində müalicə aldığı xəstəxanada vəfat edib.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşməsi ilə bağlı konfrans keçirilib və iki kino ittifaqının birləşdirilməsi barədə qərar qəbul olunub.
Bahar Rüstəmli
Şərhlər