Xəbər lenti

Sirkad ritmlərinə uyğun yatmaq əhvali-ruhiyyəni yaxşılaşdırır - TƏDQİQAT
Sağlamlıq 23:16 21.12.2024

Sirkad ritmlərinə uyğun yatmaq əhvali-ruhiyyəni yaxşılaşdırır - TƏDQİQAT

Miçiqan Universitetində aparılan yeni tədqiqat, yuxu dövrlərinin sirkad ritmlərlə sinxronizasiyasının əhvali-ruhiyyəyə müsbət təsir etdiyini göstərib. Araşdırmaya görə, sirkad ritmlərə (gecə və gündüzün dəyişməsi ilə əlaqəli müxtəlif bioloji proseslərin intensivliyinin dəyişməsi) uyğun yuxu rejimi, depressiya ilə əlaqəli simptomları azalda bilər.

AZƏRTAC "Medical Press”ə istinadla xəbər verir ki, tədqiqat Miçiqan Universitetinin Tətbiqi Riyaziyyat Mərkəzinin direktoru, professor Daniel Forgerin rəhbərliyi ilə həyata keçirilib. O bildirib ki, sirkad ritmlərlə yuxu dövrlərinin uyğunlaşması əhval-ruhiyyənin yaxşılaşdırılmasına kömək edə bilər, lakin depressiyanın tam müalicəsi üçün kifayət etmir.

Tədqiqat birinci kurs tələbələri arasında keçirilən "Intern Health Study” layihəsinin məlumatlarına əsaslanıb. İştirakçılar "Fitbit” cihazları vasitəsilə yuxu, ürək ritmi və fiziki aktivliklərini izləyib, eyni zamanda, gündəlik əhval-ruhiyyə və depressiya ilə bağlı PHQ-9 sorğularını cavablandırıblar. Nəticələrə görə, yuxu rejimi sirkad ritmlərlə sinxronlaşdıqda, PHQ-9 ballarında orta hesabla 2,5 bəndlik azalma müşahidə edilib ki, bu da klinik baxımdan əhəmiyyətli göstəricidir.

Komandanın əsas tapıntılarından biri mərkəzi sirkad ritm ilə yuxu dövrləri arasındakı uyğunsuzluğun əhval-ruhiyyə pozğunluğu və depressiv simptomlarla daha güclü əlaqəsinin olmasıdır. Periferik ritmlərlə olan uyğunsuzluqlar isə daha zəif təsir göstərib. Bu tapıntılar psixi sağlamlığın yaxşılaşdırılması üçün iş və yuxu qrafiklərinin fərdi ritmlərə uyğun tənzimlənməsinin vacibliyini göstərir.

Tədqiqatçılar gələcəkdə tələbələr, yaşlılar və psixi pozğunluğu olan fərdlər üzərində də bu metodologiyanı tətbiq etməyi planlaşdırırlar.

Araşdırmanın nəticələri "Digital Medicine” jurnalında dərc olunub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->