Amerika Birləşmiş Ştatları Ukraynadakı müharibəni təcavüzün mükafatlandırılacağı bir formada bitirmək istəmir.
Qaynarinfo xəbər verir ki, bu barədə respublikaçı senator Lindsi Qrem "X" sosial şəbəkəsində bəyanat
yayıb.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp Ukraynadakı "qanlı qırğını", əvvəlki prezidentlər Barak Obama və Co Baydenin bacarmadığı şəkildə — "layiqli və ədalətli" formada dayandırmaq istəyir.
"Sadəcə xatırladıram ki, Ukraynadakı qan tökülməsini dayandırmaq üçün nəzərdə tutulan hər hansı təhlükəsizlik sazişi Konqres tərəfindən nəzərdən keçirilməlidir. Mən detalları diqqətlə izləyirəm. Məqsəd budur ki, bu dəfə gələcəkdə baş verə biləcək istilaların qarşısını alacaq bir saziş bağlayaq — hansı ki, bunu Obama və Bayden edə bilmədilər", — deyə Qrem yazıb.
Senatorun fikrincə, yaxın gələcəkdə Rusiya əsgərlərini Ukraynadan tamamilə çıxarmaq mümkün olmaya bilər, lakin müharibə elə bitməlidir ki, təcavüzkar tərəf qazanc əldə etmiş kimi görünməsin.
"Mümkün ərazi mübadilələrinə gəlincə: mən realistəm və başa düşürəm ki, yaxın zamanda Rusiya əsgərlərini Ukraynadan qovmaq mümkün olmayacaq. Eyni zamanda, biz bu münaqişəni təcavüzü mükafatlandıracaq şəkildə yekunlaşdırmamalıyıq", — deyə o əlavə edib.
Bu yaxınlarda Donald Tramp bəyan etmişdi ki, Ukraynadakı müharibənin uzanmasında Vladimir Putin deyil, Ukrayna Prezidenti Volodimir Zelenski günahkardır. "Düşünürəm ki, o (Putin), saziş bağlamağa hazırdır", — deyən Tramp, ABŞ-ın rəhbərlik etdiyi danışıqların niyə hələ də nəticə vermədiyi sualına "Zelenski" deyə cavab verib: "Biz prezident Zelenskini bunu dəstəkləməyə inandırmalıyıq".
Polşanın Baş naziri Donald Tusk isə cavab olaraq bildirdi ki, sülh planını rədd edən Ukrayna deyil, məhz Rusiyadır. O qeyd edib ki, Rusiyanın yeganə cavabı Ukrayna şəhərlərinə növbəti raket hücumları olub: "Bu səbəbdən yeganə həll yolu Rusiyaya təzyiqi artırmaqdır. Və hamınız bunu bilirsiniz".
Alpər
Şərhlər