"Şamaxı”nın sabiq baş məşqçisi Sənan Qurbanov "Qarabağ” - "Frayburq” matçı ilə bağlı fikirlərini bölüşüb.
Mütəxəssis Qaynarinfo-ya açıqlamasında komandanın yaxşı çıxış etdiyini, ən azı xal qazanmağa layiq olduğunu söyləyib:
"Bilirdik ki, Azərbaycan çempionatının çempionu Almaniya Bundesliqası təmsilçisinə qarşı oynayacaq. İstənilən halda "Frayburq” ölkəsində liderdir, həm stadionları, həm komanda əzəmətli görünür. İlk dəqiqələrdən temp verdilər, görürsən ki, Bundesliqa komandasına uyğun oyun sərgiləyirdi. "Qarabağ” belə oyunlar çox görüb. 9-cu ildir Avropada fərqli-fərqli rəqiblərlə qarşılaşır. Amma istənilən halda "Qarabağ”ın futbolçularının üzündə "Viktoriya” ilə matçdakı məğlubiyyətin məyusluğu hiss olunurdu. Məyusluq əməlli-başlı görünür. Hələ üzərlərindən ata bilməyiblər. Bunu hiss etməmək mümkün deyil. Zaman keçdikcə "Qarabağ” "Frayburq”a varlığını göstərə bildi. Topa sahib olma, qol imkanları, sürətli hücumlar… əməlli-başlı alışdığımız oyunu sərgiləməyə başladı. Rəqib Bundesliqa komandası olsa belə, "Qarabağ” öz adından söz etdirməyi bacarır. Layiqli müqavimət gösərdi, hətta xal da ala bilərdi…
Qurbanov da "Qarabağ”ın hakim ədalətsizliyi ilə üzləşdiyini vurğulayır:
"Mənim də fikrimcə, penalti 100 faiz var idi. Rəqibin xeyrinə belə qərar verilirsə, bu "Qarabağ” üçün də eyni ola bilər. Künc zərbələri zamanı çəkişmələr, maykadan dartmalar, hava mübarizələri zamanı sərtliklər olur. Belədirsə, onda hər oyunda 10 dəfə penalti qərarı çıxarılamlıdır. Açığı çox təəssüfləndim. Amma lazım olan məqamlarda VAR-a baxmırlar. Avropa olsa belə, ədalətsizlik var. Deyərdim ki, dünənki oyunda "Qarabağ” xala layiq idi. Hakimlər kobud səhv buraxdı. Əslində hər epizodu analiz etsən, nələrsə tapa bilərsən. Sadəcə, belə olan halda futbol çirkinləşər, azarkeşlərin gözündən düşər. Onsuz da futbol çəkişməli, sürətli, emosiyalı bir idman növüdür. Futbol emosiyaların pik həddidir. Əlbəttə, mübarizə zamanı baş-başa dəyə bilərsən, belə şeylər qaçılmazdır. Açığı 5-ci dəqiqədə şokda idim. Necə ola bilər ki, belə penalti qərarı çıxarılsın? Mən mütəxəssis kimi baxıram. Bəzən fikirləşirik ki, daha çox birə-bir, yoxsa zona müdafiəsi ilə oynayaq? İngiltərədə VAR tətbiq olunandan sonra daha çox zona müdafiəsinə üstünlük verilir ki, futbolçular çəkişməsinlər və topa hücum etsinlər. Bununla belə yenə mübarizə olur. Analiz etsən, əlbəttə, hakim nəsə sübut edə bilər. Amma Zubirin epizodunda da eyni qərar çıxara bilərdi. "Viktoriya”ya məğlubiyyətin məyusluğunu atmaq üçün "Qarabağ”ın xal qazanmasını istəyirdim”.
Mütəxəssis "Qarabağ”ın belə rəqiblərlə oyunda həmişə hakim ədalətsizliyindən əziyyət çəkdiklərini bildirir:
"Artıq neçənci dəfədir hakim haqsızlığı ilə üzləşirlər. Çünki "Frayburq” bəlkə də iki heyətə malikdir. Ümumiyyətlə, Alman futbolunun səviyyəsindən danışmağa ehtiyac yoxdur. Amma bizimkilər Bundesliqa komandalarına qarşı əməlli-başlı futbol oynayırlar. Sadəcə neçənci dəfədir ki, hakim səhvləri ucbatından "Qarabağ” xal qazana bilmir”.
Məşqçi "Hakimlərin meydan sahiblərinə simpatiyası hiss olunurdu” sualını belə cavablandırır:
"Bunlar çox təcrübəli hakimlərdir. Özləri də bilir hara gəliblər. Bundesliqa komandası, stadionun əzəməti, oynadığı çempionat, komandanın adı… Öz aramızdır, bir penalti ilə oyunun taleyini həll edirlər. Artıq elədiyini elədi. Bu o deməkdir ki, beş böyük futbol ölkəsinin komandalarına qarşı oynamaq çox çətindir. Çünki əlavə olaraq mütləq hakimlərlə də mübarizə aparmalı olurlar. Amma bir söz də deyə bilmirsən. Çünki oyunun hakimi odur və qərarın dəyişməsi mümkün deyil”.
Səbuhi Həsənov
Şərhlər