Hazırda dünyada yalnız beş rəsmi "mavi bölgə" mövcuddur. Amma indi Finlandiyanın qərbində yerləşən Ostrobothnia bölgəsi, yüksək ömür uzunluğu və sağlam həyat göstəriciləri ilə bu siyahıya daxil edilə biləcəyi sualı ilə gündəmdədir.
Qaynarinfo xəbər verir ki, indiyədək yalnız beş bölgə bu statusu qazanıb: Yaponiyanın Okinava adası, İtaliyanın Sardiniya bölgəsindəki Olyastra, Kosta Rikanın Nikoya yarımadası, Yunanıstanın İkariya adası və ABŞ-dan Loma Linda şəhəri. Bu bölgələrin ortaq cəhətləri isə sağlam həyat tərzi, güclü sosial münasibətlər, az stres və aktiv yaşamdır.
Son araşdırmalar Finlandiyanın qərbindəki Ostrobothnia bölgəsinin də bu siyahıya əlavə oluna biləcəyini göstərir. Abo Akademi Universitetindən sosial siyasət üzrə mütəxəssis Sara Okermanın rəhbərlik etdiyi komanda bölgədə uzunömürlülüyün diqqət çəkici olduğunu, lakin bu statusun verilməsi üçün daha ətraflı demoqrafik araşdırmalara ehtiyac olduğunu bildirir.
Araşdırmada yalnız Ostrobothnia deyil, həm də Cənubi Ostrobothnia və Aland adası da öyrənilib. Hər üç bölgə Finlandiyanın kiçik bir hissəsini təşkil etsə də, dənizə yaxınlıqları səbəbindən balıq istehlakının geniş yayılması və sağlam qidalanma vərdişləri ilə seçilir.
Xüsusilə isveçdilli Ostrobothnia bölgəsi yalnız yüksək ömür uzunluğu ilə deyil, həm də yaşlı əhalinin sosial həyata fəal qatılması ilə diqqət çəkir. Tədqiqata görə, bu bölgədə doğulanların orta ömür uzunluğu 83,1 ildir. Bu göstərici həm dünya üzrə 73,1 illik, həm də Finlandiyanın 81,6 illik ortalamasından yüksəkdir. Yaşlıların könüllü fəaliyyətlərdə iştirakı, yalnızlıq hissinin aşağı olması və depressiya hallarının azlığı da hesabatda qeyd edilib.
Digər iki bölgədə isə vəziyyət daha fərqlidir. Cənubi Ostrobothnia uzunömürlülüyü dəstəkləyən həyat tərzinə malik olsa da, ömür göstəriciləri daha aşağıdır. Aland isə statistika baxımından ən yüksək ömür uzunluğuna malik olsa da, sosial quruluş və həyat tərzi baxımından "mavi bölgə" anlayışı ilə tam üst-üstə düşmür.
Mütəxəssislər bildirirlər ki, Ostrobothnianın bu statusa layiq olub-olmadığını müəyyənləşdirmək üçün daha çox məlumata ehtiyac var. Xüsusilə sosial, mədəni və iqtisadi faktorların insan ömrünə təsiri daha dərindən araşdırılmalıdır. Sara Okerman isə xatırladır ki, "sağlam yaşamaqla uzun yaşamaq arasında birbaşa və ümumbəşəri əlaqə qurmaq hər zaman mümkün deyil", çünki uzunömürlülük çoxsaylı amillərin təsiri ilə formalaşır.
"Mavi bölgə" anlayışı təxminən 20 il əvvəl amerikalı bir jurnalistin müşahidələri ilə ortaya çıxıb və sonradan qlobal bir həyat tərzi hərəkatına çevrilib. Lakin bu anlayış hələ də hamı tərəfindən qəbul edilmir. Bəzi alimlər bunu elmi əsaslardan uzaq saysa da, digərləri üçün mövzu hələ də diqqətəlayiq araşdırma sahəsidir.
Aydın
Şərhlər